“Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərovun İspaniya sequndasında mübarizə aparan “Ovyedo”da baxışda olduğunu xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, gənc futbolçu "Futbol+" qəzetinə söhbətdə İspaniya səfərinin təəssüratlarını bölüşüb:
“Məni orada gözlədiyimdən də isti qarşıladılar. “Ovyedo” Sequndada mübarizə aparmasına baxmayaraq, çox səviyyəli komandadır. Heyətində usta futbolçular yer alıb. Məşq prosesləri də fərqlidi. Bir sözlə, daha yüksəyə qalxmaq, futbolçu kimi “artırmaq” üçün münasib komandadır. Transfer məsələsinə gəlincə, bu həftənin sonuna kimi həll olunmalıdır. “Ovyedo” rəhbərliyi keçidim üçün “Xəzər Lənkəran”a məktub ünvanlayacaq. Hər iki klubun rəhbərliyi arasında razılıq əldə olunandan sonra “Ovyedo” ilə müqavilə bağlayacam. Bu da o deməkdi ki, baxışda olduğum müddətdə ümidləri doğrultdum, məşqçilər korpusu məndən razı qaldı. Ovyedoda oteldə qalırdım. Dillə bağlı müəyyən çətinlik olsa da, futbolun dili birdi. Məşqlərdə çalışdırıcının verdiyi tapşırıqları yerinə yetirməkdə problem olmadı. Şəhər qədim tarixə malikdir, çoxlu gəzməli-görməli yerləri, tarixi abidələri var. Düzdür, orada olduğum müddətdə şəhəri çox gəzməyə imkanım olmasa da, Ovyedonu bəyəndim. Ümid edirəm ki, tezliklə yenidən oraya qayıdacam”.
Xatırladaq ki, “Xəzər Lənkəran” rəhbərliyi Elnura 50 min manat transfer haqqı qoyub. Bu məbləği ödəyən klub onunla müqavilə bağlaya bilər. Bəs görəsən, “Ovyedo” rəhbərliyi futbolçunun müqavilə ilə məxsus olduğu kluba tələb olunan məbləği ödəyəcək? Cəfərovun məsələyə reaksiyası belə oldu:
“İnanıram ki, “Xəzər Lənkəran” rəhbərliyi transferimə problem yaratmayacaq. Özləri də demişdilər ki, Avropaya yollanacağın halda qarşında “yaşıl işıq” yandıracağıq. Bir də yəqin ki, AFFA rəhbərliyi də keçidimə yardımçı olar. Hər halda İspaniyada oynamağım ölkəmizin də adına reklamdı. Məndə olan məlumat görə, hər şey xoş sonluqla başa çatmalıdır”.