Arif (Aron) Zərbailov 1961-ci il aprelin 21-də Xaçmaz rayonunda (indiki Şabran) ziyalı ailəsində dünyaya gəlib. Atası, əslən Quba rayonundan olan Raşbil (sənədlərdə Rəşid - İ.T.) Zarbailov fizika-riyaziyyat müəllimi, Bakıda doğulan anası Roza Zarbailova isə evdar qadın idi. Ailədə 3 qardaş olublar - Azik (Azər), Arif və Yaşar. 1964-cü ildə Zarbailovlar ailəsi Bakıya köçüblər. Ötən əsrin 60-cı illərində Azərbaycanda futbolun sürətlə inkişaf etdiyi, “Neftçi"nin SSRİ çempionatında bürünc medallar qazandığı, futbolun Azərbaycanda populyarlaşdığı bir vaxtda minlərlə uşaqda idmanın bu növünə həvəs yarandı. Onların bir arzusu var idi - futbolçu kimi yetişib “Neftçi"də oynamaq. Elə uşaqlardan biri də Arif idi. 60-cı illərin sonlarında məhəllə uşaqlarından təşkil olunmuş komandanın tərkibində “Sevinc Kuboku", “Dəri top" kimi yarışlarda iştirak edən balaca Arif oyunu ilə tezliklə futbol mütəxəssislərinin diqqətini cəlb edə bilir. Arifgil şəhərin mərkəzində, “Neftçi"nin keçmiş futbolçusu Nağı Babayevin qonşuluğunda yaşayırdılar. Nağı müəllim bir vaxtlar Raşbil İşayeviçin şagirdi olmuşdu və Zarbailovlarla yaxşı tanış idi. Həm də həmin vaxt “Neftçi"nin hazırlıq qrupunda məşqçi işləyirdi. Yarışların birində Arifin oyununu bəyənən Nağı Babayev onu həmin qrupa yazdırır. Beləcə, Arif Zarbailovun əsl futbolçu həyatı başlayır. 6 il hazırlıq qrupunda məşq keçən Zarbailovun ilk məşqçiləri Nağı Babayevlə yanaşı Ruslan Abdullayev və Anatoli Qryazev olublar. 1977-ci ilin sonlarında Ruslan Abdullayev tərəfindən “Neftçi"nin əvəzedici komandasına cəlb edilən gənc hücumçu 1978-ci ildə oyun praktikasını artırmaq məqsədilə respublika birinciliyində iştirak edən Bakının “Araz" komandasına göndərilir. Orada Vladimir Karmayevin rəhbərliyi altında bir neçə oyunda iştirak etdikdən sonra 1978-ci ilin 2-ci yarısında yenidən əvəzedici komandaya qaytarılır. İlk oyunu “Zarya" (Voroşilovqrad) komandasına qarşı olur. Həmin oyunda hücumda əfsanəvi Anatoli Banişevski ilə birlikdə meydana çıxır.
- “Neftçi"nin əsas heyətinə düşməyinizə nə mane oldu?
- Komandadakı məşqçi dəyişikliyi. 1979-cu ilin yanvarında əsas komanda ilə təlim-məşq toplanışında oldum. Həmin vaxt İqor Netto “Neftçi"yə baş məşqçi gətirildi. Onun istəyi və futbol federasiyamızın qərarı ilə Bakının “Avtomobilçi" komandasına göndərildim. Səbəb kimi əsas komandada oynamağa hazır olmamağım göstərildi. “Avtomobil"çi SSRİ birinciliyinin 2-ci dəstəsində çıxış edirdi. Komandanın əsas heyət oyunçusu idim. Məşqçilərimiz isə rəhmətlik Valentin Xlıstov ilə Ağasəlim Mircavadov idi. İlk mövsümdə 20-ə yaxın oyunda oynadım bir neçə dəfə fərqləndim.
- Yəqin ki, ilk qolunuzu xatırlayırsınız.
- Əlbəttə. Elə qolu unutmaq olar? Zuqdidi “Dinamo"su ilə oynayırdıq. Yaşar Vahabzadə sağ cinahdan cərimə meydançasına ötürmə etdi. Topun yerə düşməsinə imkan vermədim, elə havadaca “çerez sebya" qol vurdum. Sevincimin həddi-hüdudu yox idi. Axı, ilk qolumu vurmuşdum.
“Banişevski Nersesova kim olduğunu göstərdi”
Statistikaya fikir versək, Arif Zarbailovun peşəkar karyerasının 1982-ci ildən başladığı göstərilir. Görünür, “Neftçi"nin əvəzediciləri və “Avtomobilçi"dəki, o cümlədən, OİK-dəki çıxışlarını nəzərə almayıblar. Arif 1979-cu ildə hərbi xidmətə çağrılıb. O vaxtlar ustalardan ibarət komandaların futbolçuların əsgərlik keçdiyi yer Ordu İdman Klubu idi. Arif də hərbi xidməti məhz burada keçib. Maşallah Əhmədov, Asim Xudiyev və digər tanınmış gənclər də o vaxt OİK-də idilər. 1981-ci ildə hərbi xidməti başa vuran futbolçu Özbəkistanın “Yeşlik" (Turakurqan) komandasından dəvət alıb. “Yeşlik" SSRİ birinciliyinin 2 dəstəsinin 6-cı zonasında çıxış edirdi və 1981-ci ildə birinciliyi 7-ci pillədə başa vurmuşdu. Arif “Yeşliy"in heyətində 21 oyunda meydana çıxmış, 5 qol vurmuşdu. Bəs, hərbi xidmətdən sonra Azərbaycanda qalmamağına və cəmi 1 il sonra geri dönməsinə səbəb nə idi?
- “Neftçi"nin keçmiş futbolçusu Vladimir Bruxtini “Yeşliy"ə çağırmışdılar. Məni də özü ilə apardı. 1982-ci ildə Bruxti “Yeşlik"dən ayrılanda, mən də vətənə döndüm. Bakıya qayıdan kimi Xankəndinin “Qarabağ" komandasının baş məşqçisi rəhmətlik Əli Əbilzadə məni komandasına dəvət etdi. “Qarabağ" da “Yeşlik" kimi 2-ci dəstədə çıxış edirdi. Amma 9-cu zonada. Çox güclü kollektivimiz var idi. Bizimlə yanaşı həmin zonada bir neçə təmsilçimiz var idi. “Qarabağ"da 2 mövsüm oynadım. İlk il cəmi 1 qol vursam da, nöbəti mövsüm 10 qolla komandanın bombardiri oldum.
- Sizi daha çox Mingəçevir “Avtomobilçi"sindəki çıxışlarınızdan tanıyırıq. O da məlumdur ki, rəhmətlik Anatoli Banişevskinin sevimli futbolçusu olmusunuz...
- Anatoli Andreyeviç ilə “Neftçi"nin əvəzedicilərinə qoşulduğum vaxt tanış olmuşdum. Karyerasının sonları idi. Onun SSRİ çempionatındakı 100-cü qolu yaxşı xatırlayıram. “Dnepr"in qapısına vurmuşdu. Yaş fərqinə baxmayaraq, aramızda dostluq münasibətləri yaranmışdı. 1983-cü ildə Bakının “Avtomobilçi" komandası Mingəçevirə köçürüldü və Banişevski komandaya baş məşqçi təyin edildi. Məni də Mingəçevirə o dəvət etmişdi. “Qarabağ"da işlərim yaxşı gedirdi, gənc olmağıma baxmayaraq, komandanın liderlərindən biri hesab edilirdim. Amma Banişevski məni yanına çağıranda fikirləşmədən razı oldum.
- Eşitdiyimə görə, “Avtomobilçi"yə keçidiniz xeyli söz-söhbətə səbəb olmuşdu. “Qarabağ" sizi elə-belə buraxmaq istəmirdi.
- Elədir. Başımız çox ağrıdı. “Qarabağ" sənədlərimi vermək istəmirdi. Əsas da Dağlıq Qarabağ Avtonom Vilayətinin rəhbər şəxslərindən Nersesovla Banişevski arasında mənə görə əməlli-başlı qarşıdurma yaranmışdı. Adım Xankəndi komandasında olsa da, “Avtomobilçi"də məşq edirdim. Banişevski mənə demişdi ki, hansı yolla olur olsun, səni “Avtomobilçi"yə gətirəcəm. Özü də mənə maaş yazmışdı. Komandada oynamaya-oynamaya pul alırdım. Yalnız çempionatın başlamasına 2 gün qalmış problem həll olundu, “Qarabağ" sənədlərimi verdi. Banişevski mübarizədən qalib ayrıldı, Nersesova kim olduğunu göstərdi.
- “Avtomobilçi"dəki ilk oyununuz ad gününə təsadüf edib.
- Hə, qəribə təsadüf idi. Aleksandr Trofimov və Nadir Qasımov Banişevskinin köməkçiləri idi. Gənclərdən ibarət mübariz kollektiv forlaşdıra bilmişdilər. Çempionatın ilk oyununu Mingəçevirdə keçirirdik. Rəqib ötən mövsüm 9-cu zonanın qalibi Samtredia “Lokomotiv"i idi. Oyuna maraq həddən artıq çox idi. Stadiona 10 mindən çox azarkeş gəlmişdi. Hamımız həyəcanlıydıq. Bir tərəfdən ilk oyun, digər tərəfdən ötənilki lider... Həmin vaxt Banişevskinin halını görmək lazım idi. Nə qədər məşhur, təcrübəli olsa da, özündə deyildi, o da həyəcanlıydı. Buna baxmayaraq, həmin oyunda qalib gəldik. Qolu da mən vurdum. Yaxşı yadımdadır, Şahin Diniyev cərimə meydançasına ötürmə etdi, Karl Kaladzeni qabaqlayaraq hesabı açdım. Şahinin o vaxt cəmi 16-17 yaşı olardı. Amma yaxşı futbolçu idi. Karl Kaladzeyə gəlincə, yəqin ki, soyad sizə tanış gəldi. Karl məşhur futbolçu, Gürcüstanın indiki energetika və təbii sərvətlər naziri Kaxa Kaladzenin atasıdı. Oyundan sonra Mingəçevirdəki ab-havanı sözlə təsvir etmək mümkün deyil. Hamı sevinir, qələbəni bayram edirdi. Təəssüf ki, növbəti oyunda heç-heçə edərək xal itirdik - 1:1. Bizdən qolu mən vurmuşdum. Deyəsən, özümü tərifləyirəm (gülür).
- “Avtomobilçi" və Mingəçevir barədə bir qədər ətraflı danışaq...
- Nə deyə bilərəm, komanda əsasən gənc futbolçulardan təşkil olunmuşdu. Amma hamısı istedadlı uşaqlar idi. Qollarımın əksəriyyətini “Avtomobilçi"nin heyətində vurmuşam. Bütün yarışlardakı qollarım üst-üstə 100-ü keçib. Çox vaxt komandada penaltini mən vururdum. Vurduğum penaltilərdən daha çoxunu qazanmışam. Cərimə meydançasında toxunan kimi yıxılırdım. Hətta azarkeşlər mənə ləqəb də qoymuşdular - “Aron-qol" və “penaltist". “Avtomobilçi" Azərbaycan futboluna çox futbolçular bəxş edib. Şahin Diniyev, Mehman Alışanov, Mehman Abışov, Zəfər Qubadov, Elşad Xudadatov... Hamısının karyerasında “Avtomobilçi"nin xüsusi yeri var.
Mingəçevir haqqında nə deyə bilərəm? Kiçik, xudmani şəhər idi. İnsanlar, azarkeşlər çox mehriban idilər. Hər yerdə bizə hörmətlə yanaşırdılar. Bu gün də Mingəçevirin gəzməli-görməli yerləri - dəniz, çimərlik, Tekstil Kombinatı, “Kosmos" kinoteatrı... gözümün önündədir. Elə bil o şəhəri dünən tərk etmişəm.
- Ləqəbdən söz düşmüşkən, deyəsən, “univermağ"ı unutdunuz.
- Bunu birinci dəfə sizdən eşidirəm. Amma mənə “alverçi" ayaması qoşduqlarından xəbərim var idi. Bu da ondan irəli gəlirdi ki, futbolçu olanda mənə çox hörmət edirdilər deyə, əlim “uzun"idi. Kimə nə lazım idisə - cins şalvar, gödəkcə, ayaqqabı... mənə müraciət edirdi, tapıb gətirirdim. Futbol oynaya-oynaya həm də bizneslə məşğul idim. Bunun nəyi pis idi ki? Pul qazanmaq hər zaman lazımdı.
Alverlə bağlı maraqlı bir hadisə danışım. 1989-cu ildə əsasən “Kəpəz"in futbolularından ibarət Azərbaycan yığmasının heyətində Anqolada keçirilən turnirə getmişdik. Komandamız turnirin qalibi, mən isə 5 qolla bombardiri oldum. Sözüm onda yox, geri qayıdanda, təyyarəmizin uçmasına 3-4 saat qalmış bir neçə futbolçu ilə bazara getməyə imkan tapdıq. Özüm ilə ora apardığım binoklu maqnitofonla dəyişmək istəyəndə 3 nəfər özünü polis kimi təqdim edərək məni həbs elədi. Məlum oldu ki, binokl Anqolada hərbi sursat hesab edilir və satışı qanun pozuntusudur. Yoldaşlarım nə qədər çalışsalar da, məni buraxmadılar. Təyyarənin uçmasına az qalırdı, birtəhər aradan çıxacağımı söyləyib, uşaqları yola saldım. Növbəti reys 1 həftə sonra olacaqdı. Ləngimək olmazdı. Uzun çək-çevirdən sonra məni sərbəst buraxdılar. Birtəhər özümü təyyarəyə çatdırdım. Amma sonradan bildim ki, məni həbs edənlər polislər yox, dələduzlar imiş. Fürsətdən istifadə edib apardığım bütün malları əlimdən almışdılar.
- Azərbaycanın ilk derbisinin iştirakçılarından biri də siz olmusunuz. İki komandanın azarkeşləri arasında düşmənçilik həddinə çatan intriqanın yaranmasına səbəb nə idi?
- Gəncə ilə Mingəçevir arasında yaxın məsafə bu iki komanda arasında keçirilən oyunlara marağı daha da artırırdı. 1984-85-ci illərdə “Kəpəz" dirçəlməyə başladı. Etiraf edim ki, “Kəpəz" “Avtomobilçi"dən daha güclü idi. Amma biz də “az aşın duzu" deyildik. Gəncəlilər qonşu olduğumuzu və “Kəpəz"in 1-ci liqaya yüksəlmək planlarını əsas gətirərək bizdən “döyüşsüz" təslim olmağı umurdular. Eşitdiyimə görə, Mingəçevir rəhbərliyi bir neçə dəfə Banişevskidən “Kəpəz"ə məğlub olmağı tələb etsə də, o, razı olmamışdı. Banişevski qürurlu insan idi, heç vaxt oyun satmazdı. Məhz gəncəlilərin bizi aşağılamasından sonra onlarla oyuna daha istəkli çıxmağa başladıq. Üstəlik, bəzi oyunlarda hakimlərin “Kəpəz"ə kömək etməsi bizim azarkeşlərə xoş gəlmirdi. Həm də “Kəpəz"ə oyun vermədiyimizə görə gəncəlilər bizdən incimişdilər. Qonşular arasındakı nifaq bu üzdən yaranmışdı. Amma bu intriqa çox çəkmədi. 3-4 ildən sonra azarkeşlər barışdılar. Fürsətdən istifadə edərək sizin vasitənizlə məni sevən, azarkeşlik edən, xatırlayan mingəçevirli və gəncəli azarkeşlərə salamımı göndərirəm.
“Ağdam xarici şəhərlərə bənzəyirdi"
Arif Zarbailov “Avtomobilçi"də 4 mövsüm çıxış edib. İlk vaxtlar komanda yaxşı nəticələr göstərsə də, sonradan, əsasən də Anatoli Banişevskinin komandadan ayrılmasından sonra zəifləmə müşahidə olunmağa başlayıb. 1988-ci ildə Gəncənin “Kəpəz" komandasının baş məşqçisi Şamil Heydərov 27 yaşlı hücumçunu çalışdırdığı komandaya çağırıb. Beləcə, həmsöhbətimizin futbolçu həyatında 2 illik Gəncə karyerası başlayıb. Həmin vaxt “Kəpəz"də xeyli tanınmış futbolçular var idi - Asif Əliyev, Şakir Qəribov, Şahin Diniyev, Səmədağa Şıxlarov, Əli Rəhimov, Füzuli Allahverdiyev, Əfqan Talıbov... 1988-ci il mövsümündə “Kəpəz" 9-cu zonada Kutaisi “Torpedo"sundan sonra 2-ci yeri tutub, Zarbailovsa 15 qol vurub. Növbəti il o, vurduğu qolların sayını 18-ə yüksəldib. 1990-cı ildə Gəncə təmsilcisi 2-ci dəstənin “bufer zona"sında çıxış edib. Burada da rəqiblər daha güclü idilər. İlk dövrə 18 oyunda 16 qol vuran Zarbailov qol vurmaq bacarığını bir daha sübut edib. Bu vaxt...
- “Neftçi"də oynamaq uşaqlıq arzunuz idi. Amma arzunuza bir qədər gec - 30 yaşında çatdınız.
- Hər şey ani baş verdi. Mən “Kəpəz"lə Odessada təlim-məşq toplanışındaydım, çempionatın 2-ci dövrəsinə hazırlaşırdıq. 1990-cı il avqustun 1-də baş məşqçimiz rəhmətlik Əhməd Ələsgərov Bakıdan teleqram gəldiyini və “Neftçi"yə çağrıldığımı bildirdi. Az qala şoka düşəcəkdim. Uşaq vaxtı ən böyük arzum heç olmasa 1 oyun, 1 neçə dəqiqə “Neftçi"nin heyətində oynamaq idi. Arzumun heç vaxt gerçəkləşmədiyini düşündüyüm bir vaxtda birdən-birə belə bir təklifin gəlməsi gözlənilməz oldu. “Neftçi"1-ci dəstədə çıxış edirdi. Komandanın baş məşqçisi mənə futbol oynamağı öyrədən Ruslan Abdullayev idi. “Neftçi”də zədəli futbolçular çox idi. Üstəlik, Nazim Süleymanov Rusiyaya getmişdi. Bu üzdən komandaya kömək lazım idi. Cəmi 4 gün sonra “Neftçi"nin əsas heyətində ilk oyunuma çıxdım. Rəqib Rostovun “Rostselmaş" komandası idi. Mövsümün sonuna kimi arzularımın komandasında oynadım.
- “Neftçi"də 1 qol belə vura bilmədiniz. Üstəlik, mövsüm başa çatan kimi komandanı tərk etdiniz.
- Bəxtim gətirmirdi. Hücumda Vəli Qasımov və Samir Ələkbərovla birlikdə çıxış edirdim. Onlar daha çox fərqlənirdilər. Rəsmi oyunlarda olmasa da, yoxlama görüşlərində çox qol vurmuşam. “Neftçi"ni tərk etməyimə gəlincə, nə gizlədim, yaş öz sözünü deyirdi. 31 yaşım var idi, əvvəlki gücüm qalmamışdı. Gənc futbolçularla ayaqlaşmaqda çətinlik çəkirdim. 1991-ci ilin əvvəlində Ruslan müəllimlə bu barədə söhbətim oldu. Getməyimə etiraz etmədi. Həm də həmin vaxt respublika birinciliyində çıxış edən Şamaxının “İnşaatçı" komandasının rəhbərliyi məndən onlara kömək etməyi xahiş etdi. “İnşaatçı"da yarım mövsüm oynadım, 18 oyunda 14 qol vurdum. Az sonra “bufer zona"sında “Kəpəz"lə birgə çıxış edən Ağdam “Qarabağ"ının baş məşqçisi Ağasəlim Mircavadovdan təklif gəldi.
- Maşallah, yaxşı yaddaşınız var. Yəqin ki, Ağdamı, “İmarət"i unutmamısınız.
- Ağdamı unutmaq olar? Xarici ş əhərlərə bənzəyirdi. Orada hər il futbol oynamışam, digər komandaların heyətində Ağdama səfər oyunlarına getmişəm. “Qarabağ"da oynayanda ev oyunlarını “İmarət"də keçirirdik. “İmarət" çox gözəliydi. SSRİ vaxtı respublikada ancaq futbol üçün nəzərdə tutulan yeganə stadion idi. Bütün oyunlarda tribunalar dolu olurdu. Azarkeşlərin çoxu da hərbçilər olurdu. Oyun vaxtı atışma səsi eşitmək adi hal almışdı. Bir dəfə də stadiona mərmi düşmüşdü... Müqavilə ilə yarımillik İsrailə getmişdim. Ağdamın işğal xəbərini orada eşitdim. Çox pis oldum. “Qarabağ"a qayıdanda komanda Mingəçevirə köçmüşdü.
Arif Zarbailov “Qarabağ"da keçirdiyi 10 oyunda 4 qol vurub. 1992-ci ildə müstəqil çempionatımız keçirilməyə başlayanda yenə “Qarabağ"da idi. Yeri gəlmişkən, o, aradakı fasilədən istifadə edərək qısa müddətə İsrailin Akko şəhərinin mini-futbol komandasında çıxış edib. Arif Zarbailov haqqında maraqlı bir statistik məlumat var - karyerası ərzində əsasən SSRİ çempionatının 2-ci dəstəsində çıxış edən komandaların şərəfini qoruyub və çempionat oyunlarında 237 qol vurub. Digər yarışlardakı qolları da nəzərə alsaq, qol sayı 300-ə yaxınlaşır. Bu, 2-ci dəstənin rekord göstrəricilərindən biridir.
“İki adımın olması hərdən köməyimə çatır"
Həmsöhbətimin Azərbaycandakı oynadığı son komanda “Azəri" olub. Köhnə komanda yoldaşı və məşqçisi Nadir Qasımovun rəhbərliyi altında 2 il Bakı komandasında çıxış etdikdən sonra 1994-cü ilin yayında gələcək həyatınını dəyişən hadisə baş verib. Onu tanıyan çox insan Zarbailovun ABŞ-a köçməyinə səbəb kimi o vaxt Azərbaycandakı qeyri stabil ictimai-siyasi vəziyyəti göstərir. Bir qism isə Zarbailovun qeyri-azərbaycanlı olduğu üçün fürsətdən istifadə edərək ABŞ-a siyasi qaçqın kimi mühacirət etdiyini deyir. Bəs, əslində futbolçunun okeanın o tayına getməsinin səbəbi nə idi?
- Milliyyətcə yəhudiyəm. Amma həmişə özümü azərbaycanlı kimi hiss eləmişəm. İstəsəydim, ABŞ-a daha əvvəl köçərdim. Bunun üçün lazım olan bütün sənədlərim var idi. Lakin Azərbaycanı tərk etmək istəmirdim. ABŞ-a gəlməyimin qəribə tarixçəsi var. 1994-cü ilin əvvəllərində vaxtilə Bakıda yaşamış və sonradan ABŞ-a köçmüş köhnə bir tanışım məni orada futbol oynamağa dəvət etdi. Mənimlə 1 illik müqavilə bağlamaq istəyirdilər. Razı olmadım. Çünki Azərbaycanda yaşamaq mənə xoş, vətəndən ayrılmaq isə çətin idi. Bildiyiniz kimi 1994-cü ildə futbol üzrə dünya çempionatı ABŞ-da keçirilirdi. Məhz mundialı canlı izləmək istəyi məni şirnikləndirdi. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yoxsa, Azərbaycanda da futbol oynayırdım, qazancım da pis deyildi. Beləcə, 1994-cü ilin mayında “dünyanın o biri başına" yollandım. Nyu-Yorkun “Russian-American United Soccer Club"u ilə 2 illik müqavilə bağladım. Komanda bütünlüklə keçmiş SSRİ vətəndaşlarından, SSRİ çempionatında çıxış etmiş futbolçulardan təşkil olunmuşdu. Hərəsi ABŞ-a bir yolla getmişdi. Kimisi mənim kimi müqavilə bağlamış, kimisi siyasi sığınacaq almışdı. Futbol o vaxt ABŞ-da yeni-yeni populyarlıq qazanırdı. Bizim komanda SSRİ çempionatının 2-ci liqasına bərabər tutulan “Kosmopolitan" liqasında oynayırdı. 1997-ci ilə kimi həmin liqada oynadım, 77 oyundan 32 qol vurdum. 1997-ci ildə isə özümüz “Bakılı" adlı komanda yaratdıq. “Bakılı” 2001-ci ilə kimi həmin liqada çıxış etdi. Komandada vaxtilə Azərbaycanda futbol oynamış veteranlarla yanaşı keçmiş sovet futbolçuları da var idi. Təəssüf ki, 2000-ci ildən 2010-cu ilə kimi futbolsuz qaldım. İşləmək lazım idi.
- Eşitdiyimə görə, taksi sürücüsü kimi fəaliyyət göstərmisiniz?
- Sürücü işləməyim doğrudur. Amma taksi sürücüsü yox, yerli kompaniyalarından birində xidməti sürücü kimi çalışırdım. Ona kimi Nyu-Yorkdakı “Bakı" restoranında ərzaq təchizatı üzrə ekspeditor idim. Orada bir nəfərlə tanış olmuşdum, sonradan tanışlıq dostluğa keçdi. Həmin adam məni kompaniyaya işə düzəltdi. Kompaniya ABŞ-a qonaq gələn musiqiçilər, aktyorlar, idmançılar və digər tanınmış şəxslərə nəqliyyat xidməti göstərirdi.
- Məşhurlardan kimlərə xidmət göstərmisiniz?
- Şou-biznes nümayəndələrindən Aleksandr Rozenbaum, Edita Pyexa, Larisa Dolina, Vaxtanq Kikabidze, Yelena Vorobeyin, idmançılardan keçmiş hokkeyçi Aleksey Kasatonovun və digərlərinin adını çəkə bilərəm. Özümüzünkülərdən isə Zeynab Xanlarova, Müslim Maqomayev, Brilyant Dadaşova, Aftandil İsrafilova sürücü kimi xidmət göstərmişəm.
- Daha sürücü işləmirsiniz?
- 2010-cu ildə hiss etdim ki, futbolsuz yaşaya bilmirəm. Dostalırın köməyi ilə məşqçilik fəaliyyətinə başladım. 2011-ci ildən etibarən Nyu-Yorkun müxtəlif komandalarında uşaqlara və yeniyetmələrə məşq keçirəm. Hazırda həm də keçmiş SSRİ-dən çıxmış futbolçulardan ibarət veteranlar komandasının məşqçisiyəm. Komandada bir çox tanınmış futbolçular var - olimpiya çempionu İqor Sklyarov, Odessa “Çernomorets"indən Yuri Smotriç, “Paxtakor"dan Vyaçeslav Şirin və başqaları. Həmyerlimiz Elşən Qəmbərov da bizim komandadadı, ən gənc veteranımızdır. İndiyə kimi çox turnirlərdə iştirak etmişik. Əksəriyyətində Elşən ən yaxşı futbolçu seçilib. Hələ də formamadı. Yeri gəlmişkən, Elşən burada mənim “sağ əlim"di. Hər yerdə köməyimə çatır. Sizə müsahibə verdiyimi eşidəndə, çox sevindi. Hamıya salam göndərdi.
Bir neçə ay əvvəl uşaqlardan ibarət daha bir komanda təsis etmişik. Komanda “Bakı-Bruklin Dostluq Mərkəzi" tərəfindən yaradılıb və orada baş məşqçiyəm. Yaxın gələcəkdə Bakıya səfər planlaşdırırıq. Bu da son iş yerim deyil. Nyu-Yorkun “Çernomorets" Futbol Akademiyasının məsləhətçisiyəm. 20 ildir fəaliyyət göstərən akademiyada 350-ə yaxın uşaq futbolla məşğul olur. Akademiyanın təsisçiləri əslən Odessadan olan Aleksandr Rozenştraux və Boris Kraytmontdur. 3-cü təsisçi isə həmyerlimiz Oleq Sarumovdu. Elşən Qəmbərov və bakılı Əmir Əliyev də burada çalışırlar. Bir sözlə, iş çoxdur. Hərdən başımızı qaşımağa vaxt tapmırıq.
- İki adınız var - Arif və Aron. İkincisi insanları bir qədər qıcıqlandırır.
- Düzü, bu haqda danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, ilk adım Arif olub. Sonradan Aron adını da götürmüşəm. İki adımın olması mənə heç bir problem yaratmayıb, əksinə, hərdən köməyimə çatır. Bir dəfə qəzetlərin birində bu adla bağlı xoşagəlməyən məqalə dərc olunmuşdu. Eybi yox. Kim məni hansı adla istəyir, elə də xatırlaya, çağıra bilər. Bakı yəhudisiyəm, Bakıda böyümüşəm, Azərbaycanı qarış-qarış gəzmişəm. Hər yerdə də özümə qarşı hörmət görmüşəm. Adın nə fərqi var, əsas odur ki, vətənim Azərbaycandır və vətənimi çox sevirəm.
- ABŞ-a 2 illiyə getmişdiniz. Bəs, müqavilənin müddəti başa çatdıqdan sonra Azərbaycana niyə qayıtmadınız?
- İlk həyat yoldaşım vəfat etmişdi. ABŞ-a gələndən sonra 1997-ci ilin fevralında 2-ci dəfə ailə həyatı qurdum. Həyat yoldaşım Viktoriya Bədəlova da bakılıdır. Ailəmə görə vətənə qayıda bilmədim. 2 oğlum, 1 qızım var. Böyük oğlum Samuelin 18, Emmanuelin isə 15 yaşı var. Təəssüf ki, heç biri futbolçu olmadı. Samuel musiqi ilə məşğuldur. Emmanuel isə mənə kömək edir. Qismət olsa, qızım Rozalina futbolçu olar. Amma hələ balacadı, cəmi 4 yaşı var. 22 il ABŞ-da yaşamağıma, 15 il buranın vətəndaşı olmağıma baxmayaraq, hər günüm vətənimlə bağlı olur. Azərbaycan haqqında məlumatlar oxuyur, respublikada baş verən hadisələri yaxından izləyir, buradakı bakılı dostlarla görüşürük. Hərdən Azərbaycandan qonaq-qaramız da olur. Necə lazımdırsa, qarşılayıb, yola salırıq. Geridə qalan illərdə bir neçə dəfə Azərbaycana qonaq kimi getmək istəmişəm. Amma hər dəfə nəsə bir problem çıxıb. Bu il mütləq vətənimə gedəcəm.
Bakı üçün, Azərbaycan üçün darıxıram. Valideynlərim də burada bizimlə yaşayırlar, təqaüdçüdülər. Artıq yaşlaşıblar, bir az da nasazdılar. Burada səhiyyə çox inkişaf edib, həkimlər olmasaydı... Onlar da Azərbaycan üçün çox darıxıblar.
“Uşaqlıqdan "Neftçi"yə aşarkeşlik edirəm"
Söhbət zamanı müsahibim tez-tez Anatoli Banişevskini xatırlayır, onun haqqında ağızdolusu danışırdı. Bu da səbəbsiz deyildi. Axı, onun futbolçu kimi yetişməsində Banişevskinin rolu az olmayıb. Zarbailov həyatda da Banişevskidən həmişə dəstək görüb. Onun “Avtomobilçi"yə keçməsini, Bədən Tərbiyə İnstitutunu və Gəncə Politexnik Texnikumunu bitirməsini misal gətirə bilərik. Həmsöhbətim Banişevski vəfat edəndə Bakıda olmadığı, onun dəfnində iştirak etmədiyi üçün mərhumun ruhu qarşısında bu gün özünü günahkar hesab edir. Bakıya qayıdan kimi müəlliminin qəbrini mütləq ziyarət edəcəyini söyləydi. Banişevskiyə olan mənəvi borcunu heç vaxt ödəyib qurtara bilməyəcəyini deyən Zarbailov, ötən il Nyu-Yorkda mərhumun xatirəsinə həsr olunmuş turnir təşkil edib. Turnirdə uşaq, gənclər və həvəskarlardan ibarət komandalar iştirak edirdilər. Bu il daha bir xatirə turniri keçirməyi planlaşdırır. Amma bu dəfə bir qədər də samballı. Bildiyiniz kimi, bu ay Banişevskinin 70 yaşı tamam oldu. Bundan başqa “Neftçi"nin SSRİ çempionatında bürünc medalları qazanmasının, həmçinin SSRİ yığmasının dünya çempionatında 3-cü olmasının 50 illiyidir. 1966-cı ildəki mundialda 2 həmyerlimiz futbolçu kimi SSRİ yığmasının heyətində oynayıb ki, onlardan da biri Banişevski idi. Həm də həmin dünya çempionatın finalında rəhmətlik Tofiq Bəhrəmov verdiyi məşhur qərarla yadda qalıb. Turnirlə bağlı bir çox işlər artıq başa çatıb. Yalnız müəyyən sənədləşmə işləri qalır. Arif Zarbailov həmin problemlərin tezliklə həll ediləcəyinə ümidlidir.
- Turniri yüksək səviyyədə keçirmək fikrindəyəm. Burada bir neçə ölkənin komandasının iştirakı nəzərdə tutulub. Bundan başqa Banişevskinin ailə üzvlərindən birinin və AFFA rəsmilərindən kiminsə iştirak etməsi üçün bəzi işlər görülməlidir. Turnir barədə “Neftçi" klubuna da məlumat vermişəm. Hələ ortaya yüz faizlik bir iş çıxarmamışıq, amma sizi inandırım ki, hər gün neçə insan mənə zəng edib turnir barədə məlumat alır. Turnirə istər keçmiş bakılılar, istərsə də yerli futbol ictimaiyyəti böyük maraq göstərir. Hətta burada restoranları olan keçmiş bakılılar qonaqları qarşılamağa indidən hazırdılar. Təəssüf ki, hələ də AFFA və “Neftçi" klubundan hərəkət yoxdur. Ötən il turnir keçiriləndə Zeynəb Xanlarova da Nyu-Yorkda idi və mükafatlandırma mərasimində iştirak etdi. Biz kubokun dublikatını xatirə hədiyyəsi kimi ona bağışladıq. Zeynəb xanımın burada konserti var idi. Konsert anşlaqla keçdi. Axı, Zeynəb xanımı tək biz yox, bütün dünya sevir.
Banişevskidən söz düşmüşkən, 1993-cü ildə “Azəri" klubu Banişevskinin şərəfinə beynəlxalq turnir təşkil etmişdi. Həmin vaxt Anatoli Andreyeviç “Azəri"nin fəxri prezidenti idi. Turnirdə “Azəri" 3-cü yeri tutmuşdu. Mən isə 4 oyunda 12 qolla bombardir olmuşdum. Bu, mənim üçün böyük şərəf idi. Mənə verilmiş mükafatı və qəzetlərdə dərc olunmuş materialları bu günə kimi saxlayıram.
- ABŞ-a köçdükdən sonra keçmiş komanda yoldaşlarınızdan, dostlarınızdan kiminlə əlaqə saxlayırsınız?
- Belələri o qədər də çox deyil. Nağı Babayev, Vaqif Sadıqov, Rüstəm Rəhimov, Səmədağa Şıxlarov, Asim Xudiyev, “Kəpəz"dən Nofəl Əzizov, Nadir Qasımov, İqor Ponomaryov və digərləri ilə arada hal-əhval tuturuq. Tez-tez “Mingəçevir futbolu" saytından mənə suallar göndərilir, hamısına həvəslə cavab verirəm. 30 ilə yaxındı ki, “Avtomobilçi"dən ayrılmışam. Amma bu gün də məni xatırlayırlar. Bu, məni çox sevindirir. Tofiq Mustafayevə minnətdarlığımı bildirmək istəyirəm. Bir neçə nəfərdən “Neftçi"nin və yığmamızın formasını istədim. Yalnız Tofiq Mustafayev kömək etdi. Bir neçə gün sonra arxasında soyadım və “10 nömrə" yazılmış maykanı göndərdi. “Neftçi"nin forması ABŞ-a köçdükdən sonra aldığım ən qiymətli hədiyyədir. Uşaq kimi sevinirdim. Məlum məsələdir ki, bu formaları internet vasitəsilə özüm də əldə edə bilərdim. Amma dost hədiyyəsi başqa aləmdir. Evdə futbolla bağlı kiçik bir guşə yaratmışam. Orada oynadığım komandalar da daxil olmaqla müxtəlif klubların vımpelləri, Azərbaycanla bağlı bir çox əşyalar var. Hədiyyə aldığım formalar həmin guşəyə xüsusi rəng qatır. Hə, bir də 2007-ci ildə “Neftçi" Birlik Kubokunda “Pünik"i məğlub edəndən sonra Ağasəlim Mircavadova zənd vurub təbrik etmişəm.
- Belə məlum oldu ki, Azərbaycanı və futbolumuzu yaxından izləyirsiniz. Hansı komandanın azarkeşisiniz?
- Hər gün müxtəlif saytlarda gedən xəbərlərlə tanış oluram. Futbolumuzda baş verən hər bir hadisədən xəbərim var. Çempionat oyunlarını canlı izləyə bilməsəm də, Avroliqada çıxış edən komandalarımızın bütün oyunlarına baxmışam. Bu gün daha çox “Qarabağ" və “Qəbələ" dəbdədir. Lakin uşaqlıqdan “Neftçi" azarkeşi olmuşam, indi də “flaqman"a azarkeşlik edirəm. Bir az da “Kəpəz"ə. Nə qədər olmasa, o komandada oynamışam, Şahin Diniyevlə, Füzuli Allahverdiyevlə komanda yoldaşı olmuşam.
- Çoxlarının yaşamaq arzusunda olduğu ABŞ-da dolanışığınız necədir?
- Burada yaxşı yaşamaq üçün çox işləməlisən. Təhsilə böyük önəm verilir. Təbii ki, yerli əhali emmiqrantlardan daha çox qazanır. Bildiyiniz kimi, Nyu-York qiymətlər baxımından dünyanın ən bahalı şəhərlərindən biridir. Həyat yoldaşım da işləyir, mən də. Qazancımız 3-4 min dollar olur. Bu, kənardan böyük məbləğ görünə bilər. 3-4 min dollar kirayə pulunu ödəməyə, gündəlik xərclərə ancaq çatır. 1-2 misal çəkim - Nyu-Yorkda normal 2 otaqlı mənzilin aylıq kirayə haqqı 1500 dollardır. Benzinin litri 1 dollar idi, indi 2 dəfə aşağı düşüb. Çörək keyfiyyətinə və çəkisinə görə 2-5 dollar aralığındadı. Geyimə gəlincə, brend mallar çox bahadır. Amma hər yerdə olduğu kimi burada da “second hand" var. 4 min dollar normal yaşamağa güclə çatır.
Söhbətin sonunda Arif Zarbailovdan Nyu-Yorkdan Azərbaycanın, Bakının necə göründüyünü soruşdum. Bakının yaxşı mənada çox dəyişdiyini, dünyanın ən gözəl şəhərlərindən biri olduğunu söylədi. Dediyinə görə, bir neçə il əvvəl ABŞ-da Azərbaycanı, Bakını çox az adam tanıyırdı. İndi isə ölkəmiz, paytaxtımız haqqında hamı məlumatlıdır. Son illər ölkəmizdə bir çox mühüm tədbirlərin keçirilməsi tanıtım baxımından əhəmiyyətli olub. ABŞ-da bakılılar çoxdur. Hamısı da hər fürsətdə Azərbaycanı təbliğ edirlər. Deməli, dəyişməyiblər, əsl bakılı olaraq qalıblar.
Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news”qəzeti