Azərbaycan Premyer Liqasının XXIII turunda "Kəpəz" doğma meydanda "Sumqayıt" klubunu qəbul edib (0:0).
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev oyun haqqında fikirlərini bölüşüb.
Heyətdəki bəzi problemlərdən danışan baş məşqçi bunları deyib:
“Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar. Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı. Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm. “Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür”.