“Ağır oyun oldu. “İnter” çox sıx müdafiə şəkilində oynayırdı. Bilirdik ki, rəqib əks-hücumlara bel bağlayacaq. Bunun üçün hazırlaşmışdıq. Lakin ilk hissənin sonunda etdiyimiz səhvdən dolayı rəqib əks-hücuma keçdi və qol vurdu. Amma ikinci hissədə üstünlük tamamilə bizim tərəfimizdə oldu. Futbolçularım səbrli oyun nümayiş etdilər və əlimizə düşən imkandan layiqincə yararlandılar. Komandamdan narazılığım yoxdur. Düşünürəm ki, 1:1 hesablı bərabərlik hər iki komanda üçün ədalətli nəticə idi”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “İnter” – “Qarabağ” matçından (1:1) sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov deyib:
“Hər oyunda, hər hansı bir dəyişiklik ola bilər. Bu o demək deyil ki, bu oyun bu heyətlə qalib gəlmişəmsə, növbəti oyunlarda da bu heyətlə çıxış etməliyəm. Bəzən rəqib, bəzən də oyun heyətdə dəyişiklik etməyi tələb edir. Ona görə də hər oyuna eyni heyətlə çıxmağı düşünmürəm. Məsələn, bu görüşdə əsas heyətə Qara Qarayev əlavə olunmuşdu. Gələcək oyunlarda belə dəyişikliklər olacaq”.