“Çətin oyun olacağını bilirdik. Bu səbəbdən güclü hazırlaşmışdıq. Hal-hazırda “Qarabağ” Premyer Liqanın ən güclü komandalarından biridir. Amma biz mübarizə apardıq və bir xal qazandıq. Qələbə də qazana bilərdik məğlub da ola bilərdik. Düşünürəm ki, 1:1 hesablı bərabərlik hər iki komanda üçün ədalətli nəticədir”.
Bu sözləri “İnter” – “Qarabağ” matçından (1:1) sonra sportarena.az saytına açıqlamasında “bankirlər”in kapitanı Nizami Hacıyev deyib.
Kapitan son anda top buraxmağda müdafiəçilərin günahı olduğunu bildirib:
“Müdafiədə bir çox problemlərimiz var idi. Bu haqda müzakirə etmək istəmirəm. Yəqin ki, bu problemləri baş məşqçi də görüb və bu haqda futbolulara fikirlərini bildirəcək”.
N. Hacıyev hesabı qorumaq üçün müdafiədə oynamağın səhv addım olduğunu vurğulayıb:
“Qol vurduqdan sona hesabı qorumağı düşündük. Mənim fikrimcə bu səhv addım idi. Amma artıq gecdir. Növbəti oyunlarda çalışmalıyıq ki, belə səhvlər etməyək. Məqsədimiz növbəti görüşlərdə uğurlu nəticə əldə edib avrokuboklara vəsiqə qazanmaqdır”.