"Qəbələ"ni gözləyən təhlükə

01:05 29 Fevral 2016

Komanda avrokuboklara çıxa bilməsə...

Ölkədəki məlum devalvasiyanın futboldan da yan keçməməsi hər kəsə məlumdur. Bir sıra klublar manatın dollar qarşısında dəyərdən düşməsinin acı nəticəsini yaşamaqdadır. Yalnız “Qarabağ" və “Qəbələ" hələ ki, bu böhranı  özündə əks etdirmir. Çünki bu klubların arxasında “Azersun" və “Gilan" kimi ölkəni ərzaq məsulları ilə təmin edən böyük şirkətlər dayanıb. Amma istənilən halda, devalvasiyanın vurduğu zərbədən tam qaçmaq mümkün olmayıb. Təsadüfi deyil ki, “Qarabağ"da futbolçuların müqavilələrinə yenidən baxıldığını, maaşlarda azalma olduğunu qeyri-rəsmi açıqlanmışdı. Bu yaxınlarda isə “Qəbələ"dən də bununla bağlı rəsmi xəbər gəldi. Klubun vitse-prezidenti Fariz Nəcəfov mətbuata verdiyi açıqlamasında büdcəyə yenidən baxıldığını və qənaət mexanizminin işə salındığını demişdi. 

İlk zərbə qəzetə dəydi

“Qəbələ”də devalvasiyanın təsirini ilk olaraq klubun eyniadlı qəzeti hiss etdi. Daha doğrusu, buna hiss eləmək də demək olmaz, qəzet rəhbərliyin qərarı ilə fəaliyyətini dayandırdı. Çünki qənaət mexanizminə keçilibsə, əlavə xərclərdən yaxa qurtarmaq lazımdır. Qəzet isə sonradan fəaliyyətə başlamışdı və bir növ pul bolluğunda əlavə təbliğat vasitəsi üçün nəzərdə tutulmuşdu. Məlum məsələdir ki, gəlir də gətirmirdi. Çünki satışı yox idi. Yalnız kluba yaxın dairələrə paylanırdı. Digər tərəfdən “Qəbələ" qəzeti rəngli nəşr idi və bu üzdən çapına heç də az məbləğ xərclənmirdi. Görünür, rəhbərlik də həmin bu əlavə xərcdən yaxa qurtarmaq üçün qəzeti bağlamağa qərar verib. 

Yaxşı ki, Avropa Liqası var imiş
Az öncə “Qarabağ" və “Qəbələ"nin maddi durumunun nisbətən sabit qalmasında sponsorların rolunu qeyd etdik. Ancaq hər şey tək himayədarlarla bağlı deyil. Bildiyiniz kimi, hər iki klub cari mövsüm həm də Avropa Liqasının qrupunda çıxış edib. Xüsusilə, “Qəbələ" ilk mərhələdən mübarizəyə başlayan və qrup mərhələsinə yüksələn yeganə klub olub. Avrokuboklarda isə hər mərhələ pul deməkdir. Qrupa düşəndə və orda xal qazananda isə qazanc daha da artır. Özü də Avropa ilə müqayisədə UEFA-dan gələn həmin pullar Azərbaycan futbolu üçün heç də az məbləğ sayılmır. Bu mənada Avropa Liqasında iştirak “Qəbələ"nin büdcəsinə əməlli-başlı gəlir gətirdi. Elə rəhbərlik də büdcənin sabit qalmasını məhz UEFA-dan gələn vəsaitin hesabına təmin edə bilirdi. 

Qarşıdan gələn təhlükə
Növbəti mövsüm üçün vəziyyət heç də yaxşı olmayacaq. Bunu deməyə əsasımız var. Cari mövsümü UEFA-dan gələn vəsaitin də hesabına yola verən “Qəbələ" rəhbərliyi indi çətin durumla üz-üzədir. Devalvasiyanın yaratdığı böhran yəqin ki, hələ bir müddət davam edəcək. Yəni, qısa zamanda manatın yenidən dolları üstələyəcəyi gözlənilmir. Çünki neftin qiymətində də ciddi artım yoxdur və yaxın zamanlarda “qara qızıl"ın 1 barelinin yenidən 100 dolları keçəcəyinə ümid çox azdır. Bu isə o deməkdir ki, klublarımız qarşıdan gələn mövsümləri çətinlik içində keçirəcəklər. “Qəbələ" rəhbərliyi də məhz buna görə əlavə xərcləri indidən azaltmağa başlayıb. Qəzet bağlandı, hər il ənənəvi olaraq keçirilən və böyük vəsait hesabına başa gələn “Gabala Cup" turniri ləğv olundu, qışda bahalı transfer həyata keçirilmədi, klubun Futbol Akademiyasında təhsil alan gəlmə uşaqların sayı azaldıldı. Akademiyaya artıq yalnız yerli uşaqlar götürülür. Klubun menecerlərinə də tapşırılıb ki, bahalı futbolçularla danışıqlar aparmasınlar. Hətta deyilənə görə, klubun baş məşqçi Roman Qriqorçuka və futbolçulara bu haqda məlumat verilib, onlara növbəti mövsüm öncəsi müqavilələrinə yenidən baxıla biləcəyi deyilib. Bu halda yerli futbolçularla bağlı problem olmayacaq. Onsuz da onların başqa variantlarıı yoxdur. Ancaq legionerləri maaşlarının azaldılmasına razı salmaq çətin olacaq. Bu mənada böyük ehtimalla yayda əksər legionerlər “Qəbələ"ni tərk edə bilər.  Ümid yenə də növbəti mövsüm avrokuboklarda iştirakadır. Prinsipcə komanda avrokuboklara vəsiqə qazanacaq. Hazırkı durumda “Qarabağ" və “Qəbələ"nin növbəti mövsüm avrokuboklarda iştirak edəcəyi heç kimdə şübhə doğurmur. Düzdür, Qəbələ təmsilçisi turnir cədvəli baxımından çətinlik çəkə bilər. Çünki “İnter", “Zirə" və “Neftçi" “Qəbələ"ni avrokuboklardan kənar qoya bilər. Lakin məsələ burasındadır ki, “İnter"in külli miqdarda borcu olduğu üçün UEFA tərəfindən cəzalanacağı gözlənilir. “Zirə" isə Premyer Liqada debüt etdiyi üçün avrokuboklarda iştirak üçün lisenziya ala bilməyəcək. Belə olan halda “Qəbələ" yenidən problemsiz Avropa Liqasına yollanacaq. Lakin devalvasiyanın fəsadlarını minimuma endirmək üçün ən azı keçən ilki nəticəni təkrarlamaq lazımdır. Hətta ondan da yaxşı çıxış edib, heç olmasa, qrupda da qələbə qazanılmalıdır ki, UEFA-dan gələn vəsaitlə devalvasiyanın təsirini minimuma endirmək mümkün olsun. Lakin bu, baş verə biləcəkmi? Çətin. Cari mövsüm komandanın qrupa düşməsi elə öz rəhbərliyi üçün də möcüzə oldu. Bu, bir xoş təsadüf idi və belə təsadüflər hər dəfə təkrar olunmur. Növbəti mövsüm “Qəbələ"nin yenidən qrupa vəsiqə qazanacağı inandırıcı deyil. Komanda bir, uzağı iki mərhələ keçə bilər ki, buradan gələn qazanc da devalvasiyanın təsirini ciddi surətdə azalda bilməz. Deməli, klub avrokuboklarda erkən vidalaşsa, növbəti mövsümdə maliyyə baxımdan ciddi sıxıntı keçirəcək. Maliyyə sıxıntısı olan yerdə isə başda Qriqorçuk olmaqla legionerlərin qalacağı müşkül məsələdir. 
“Het-trik news”qəzeti

 


Digər xəbərlər

Xəbər xətti