Şahmatçılarımızın “Aeroflot Open 2016” festivalında ilk rəqibləri məlum olub

23:51 1 Mart 2016

Bu gün Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot Open 2016” beynəlxalq şahmat festivalı start götürdü. Ənənəvi olaraq Aeroflotun dəstəyi ilə keçirilən bu festival martın 10-dək davam edəcək.

Festival çərçivəsində klassik şahmat üzrə turnirlər üç qrupda (A. B, C) iştirakçıların reytinqindən asılı olaraq İsveçrə sistemi ilə 9 turda keçiriləcək. Ümumiyyətlə, yarışda dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox şahmatçı iştirak edəcək. Ən böyük marağı A qrupu doğurur. Burada ən güclü şahmatçılar oynayacaqlar.

Turnirdə reytinqi 2550-dən yüksək olan şahmatçılar, o cümlədən azərbaycanlı qrossmeyster Eltac Səfərli (2663) çıxış edir. “A” turnirinin qalibi bu il iyulun 9-dan 17-dək Dortmundda keçiriləcək superturnirə dəvət ediləcək. Blits-turnir martın 10-da keçiriləcək. “B” turnirində isə Azərbaycanın idman şərəfini FIDE ustası Aydan Höcətova qoruyacaq.

“Aeroflot Open 2016” festivalının bütün turnirləri üçün püşkatma keçirilib. Eltac Səfərlinin ilk rəqibi rusiyalı qrossmeyster Kiril Alekseyenko olacaq. Aydan Höcətova isə qara fiqurlarla rusiyalı Olqa Qiryaya qarşı mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 140 min avrodur. Həmçinin, veteranlar, qadınlar və yuniorlar arasında ən yaxşı nəticələrə görə xüsusi mükafatlar təsis edilib.


Digər xəbərlər

Xəbər xətti