20-ci səfər

00:28 2 Mart 2016

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. 1/8 finalda “Mil-Muğan”ı 7:0 hesabı ilə məğlub edən “Qəbələ” ardıcıl 6-cı, tarixində 8-ci dəfə ən yaxşı səkkiz komanda arasında mübarizə aparacaq. Yalnız 3 dəfə yarışı daha tez başa vuran “qırmızı-qaralar” 4-cü dəfə yarımfinala adlamağa cəhd edəcək. Roman Qriqorçukun yetirmələri bunun üçün “Zirə” səddini keçməlidir. İlk matça səfərdə çıxacaq komandamız tarixində 3-cü dəfə bu rəqiblə qarşılaşacaq. Azərbaycan Premyer Liqasının cari mövsümünə təsadüf edən ilk 2 oyunda cəmi 1 qol vurulub. Qəbələdə qolsuz heç-heçə qeydə alınıbsa, Zirədə meydan sahibləri yeganə qolla qalib gəlib. Komandalar arasında ölkə kubokunda ilk matç “Qəbələ” üçün bir neçə yubileylə əlamətdar olacaq. Turnirdə 44-cü görüşünə çıxacaq “qırmızı-qaralar” 20-ci səfər oyununda qüvvəsini sınayacaq. İndiyədək ölkə kubokunda rəqib meydanlarında 19 matç keçirən komandamız 7 qələbə qazanıb, 6 heç-heçə edib və 6 dəfə uduzub. 22 qol vuran “Qəbələ” 21 top buraxıb. Futbolçularımız son 6 səfərdən məğlubiyyətsiz qayıdıb. Ümumilikdə isə 43 kubok qarşılaşmasında 20 qələbə, 14 heç-heçə və 9 məğlubiyyət qeydə alınan “qırmızı-qaralar” 65 qol vurub, 35-ni buraxıb. Zirədəki görüş klub tarixinin 190-cı səfər matçıdır ki, bu qarşılaşmada 70-ci qələbə əldə oluna bilər. Kubok matçı bəzi oyunçular üçün yubiley xarakteri daşıyır ki, onlar bunun üçün meydana çıxmalıdır. Zirədəki qarşılaşmada iştirak etsə, Rafael Santos “Qəbələ”də 75-ci, Dodo kubokda 15-ci matçını keçirəcək.
Xatırladaq ki, martın 2-də, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 18:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti