Bu gün Azərbaycan Premyer Liqasının XIV turunun oyunlarına start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 5 görüş reallaşacaq.
Tura Lənkəranda start veriləcək. Burada yerli “Xəzər Lənkəran” AZAL klubunu qəbul edəcək. Əsasən gənclərdən təşkil olunmuş əyalət təmsilçisi son iki görüşdə diqqətləri öz üzərinə çəkməyi bacarıb. Premyer Liqada keçirdiyi son oyunda “Qəbələ”dən 1 xal alan, kubokun ¼ final mərhələsində isə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən “ağ-yaşıllar”ın AZAL-a qarşı keçirəcəyi oyun maraqla gözlənilir.
Bu mövsüm uğurlu çıxış edə bilməyən “Neftçi” isə doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Avrokuboklara vəsiqə əldə etməyə çalışan Əsgər Abdullayevin komandası, bu çətin oyundan xal qazanmağa çalışacaq.
Turun növbəti görüşü Sumqayıtda keçiriləcək. Sumqayıtın eyniadlı komandası doğma meydanda Bakının “İnter” klubunu qəbul edəcək. Sonuncu dəfə 2014-cü ildə avqustun 25-i “Sumqayıt” klubunu məğlub etməyi bacaran “İnter” klubu bu gün tilsimi qırmağa çalışacaq.
Günün mərkəzi matçında son ölkə çempionu “Qarabağ” “Zirə”ni qəbul edəcək. Premyer Liqada keçirdiyi son 5 matçda maksimum nəticə göstərən “Zirə” klubunu “Qarabağ”la çətin səfər oyunu gözləyir. Turnir cədvəlində “Qarabağ”dan 4 xal fərqi ilə ikinci pillədə qərarlaşan debütant, bu görüşdə qələbə qazanıb uğurlu seriyanı davam etdirmək niyyətindədir.
5 mart
Azərbaycan Premyer Liqası
XIV tur
14:00. “Xəzər Lənkəran” - AZAL 0:1
Qol: Aleksandr Quruli, 36, (p), (0:1)
“Xəzər Lənkəran” mərkəzi stadionu
15:00. “Neftçi” - “Qəbələ” 1:2
Qollar: Anyete, 26, (1:0), Rafael Santos, 51, (1:1), Rəşad Eyyubov, 90`, (1:2)
Qırmızı vərəqə: Rodriges Filyo Jairo, 79, ("Neftçi")
“Bakcell Arena”
17:00. “Sumqayıt” - “İnter” 0:1
Qol: Nizami Hacıyev, 47, (0:1)
“Kapital Bank Arena”
18:00. “Qarabağ” - “Zirə” 2:0
Qollar: Muarem Muarem, 3, (1:0), Mahir Mədətov, 90`, (2:0)
“Azərsun Arena”