“Vacib olan oyunda lazımi qələbəni qazandıq. Çətin oyun idi. Oyun intizamı yüksək olan bir komandaya qarşı oynayırdıq. Matçda da bunun şahidi olduq. Amma futbolçularım inamlı oyun nümayiş etdirdilər. Hesab fərqini sona qədər qoruyub saxlamağı bacardılar. Düşünürəm ki, azarkeşlərimiz üçün maraqlı, bizim üçün isə gərgin bir oyun oldu”.
Sportarena.az xəbər verir ki, bu sözləri Premyer Liqamızın XXIV turunda doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Qarşıdakı oyunlardan danışan baş məşqçi bunları qeyd edib:
“Fikrimcə bu matç ilə “Zirə”nin çempionluq planlarının pozulduğunu düşünmək olmaz. Bu futboldur. Növbəti dəfə biz də məğlub ola bilərik. 3 xallıq sistemdə bu çox böyük bir fərq deyil. Qarşıda bizim çox çətin oyunlarımız var. “Zirə” də çox həvəsli və sona qədər mübarizə aparan bir komandadır”.
Baş məşqçi “Qalatasaray”la “Qarabağ”ın qarşılaşacağı barədə yayılan məlumatlara da fikir bildirib:
“Artıq klubumuzun nümayəndələri də bunları təsdiqləyib. Amma biz bu barədə çox ciddi hazırlıqlar görmürük hələ. Hətta mən futbolçulara da demişəm ki, belə bir oyuna fikirlərini yönəltməsinlər. Çünki fikrimcə futbolçularımız bu oyuna fikirlərini yönəltəcəyi təqdirdə çempionat oyunlarını deyil ancaq “Qalatasaray”la oyunu düşünəcəklər. Bu səbəbdən işçilərimizə də demişəm ki, "Qalatasaray"la qarşılaşacağımız oyun barədə bacardıqda az məlumat verməyə çalışsınlar”.