Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında bunları deyib:
“Birinci hissəyə psixoloji cəhətdən çox gərgin başladıq. Bu üzdən meydanda emosiyalar çox idi. Oyuna nəzarət olmadığından intizamsız futbol müşahidə olunurdu. Hücumun ardından dərhal müdafiəyə çəkilməyə məcbur idik. Rəqibdə sürətli oyunçularının irəli atılması futbolçularımızın yüklənməsi ilə nəticələnirdi. Bu barədə fasilədə söhbət etdik. Matçın belə axarının səbəbini bilirdim. İkinci yarıda daha düşüncəli oyun nümayiş etdirə bildik. İdeal olmasa da, çox epizodda daha düzgün oynadıq. Bu matç həm prinsipial idi. Komandamıza 3 xal qazanmaq lazım idi. Çox vacib xallar qazandıq. Elvin Camalov sürətlə inkişaf edir. O, 1995-ci il təvəllüdlü olduğu üçün limitə görə deyil, Premyer Liqa səviyyəsinə uyğun gəldiyindən heyətdə yer alır. Zədələndiyi epizodda durumunu soruşdum. O, mübariz futbolçudur. Rəqibi təzyiqdə saxlayıb, səhvlərə məcbur etdik. Qayda pozuntuları artdı və qırmızı vərəqə də bunun hesabına oldu. Əvəzetmələrdən qarşılaşmaya qatılanların birinin qol vurub, digərinin bunda əməyi olması isə müsbət haldır. Hər şey uğurlu alındı. Meydana çıxdılar və tələb olunanı yerinə yetirdilər. Rəşad Eyyubovu ilk dəfə ön xətdə oynadı. Bunun faydalı olacağını hiss etdim və nəticəsi yaxşı oldu”.