Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə dünya kuboku yarışlarına bu gün yekun vurulub.
Sportarena.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun sonuncu günündə kişilər və qadınlar arasında fərdi çıxışlar və sinxron cütlüklərin final yarışları təşkil olunub.
Qadınların sinxron çıxışlarında Belarus təmsilçiləri Anna Narçonak və Tatsiana Piatrenia 47.500 xalla dünya kuboku yarışlarının qızıl medalını qazanıblar. Ukraynalı cütlük Nataliya Moskvina-Marina Kiko 46.700 xalla ikinci, Rusiya batutçuları Yana Pavlova və Viktoria Voronina isə 46.000 xalla üçüncü olublar. Azərbaycan təmsilçiləri Svetlana Makştarova-Sabina Zaytseva isə dünya kuboku yarışlarını 14.000 xalla yeddinci pillədə başa vurublar.
Kişi batutçular arasında sinxron cütlüklərin yarışında Rusiya idmançıları Nikolay Federenko və Dmitri Uşakov 49.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Belaruslu Vladislav Xançarov və Mikalay Kazak 49.800 xalla ikinci, Portuqaliya idmançıları Dioqo Qançinho və Dioqo Abreu 48.600 xalla üçüncü olublar. Azərbaycan təmsilçiləri Dmitri Fedrovski və Ruslan Ağamirov 47.400 xalla dördüncü pillədə qərarlaşıblar.
Qadınların fərdi çıxışlarında belaruslu gimnastlar ilk iki pillədə yer alıblar. Belə ki, Anna Narçonak 54.810 xalla qızıl, Tatsiana Piatrenia 54.715 xalla gümüş medala sahib olublar. Bürünc medalı isə Böyük Britaniya təmsilçisi Ketrin Driskol (54.470 xal) qazanıb. Azərbaycan idmançısı Svetlana Makştarova 20.190 xalla dünya kuboku yarışlarını yeddinci pillədə başa vurub.
Kişilərin fərdi çıxışlarında rusiyalı Dmitri Uşakov 61.345 xalla qızıl medal qazanıb. Belarus təmsilçisi Vladislav Xançarov 59.700 xalla ikinci, portuqaliyalı Dioqo Qançinho isə 58.995 xalla üçüncü pillədə yer alıblar.
Yarışlarda mükafatlar təntənəli mərasimlə təqdim olunub.
Sonda Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" mükafatı rusiyalı Viktoria Voronina və polşalı Artur Zakrevskiyə verilib.