Rəşad Eyyubov: "Taktiki cəhətdən hazırlıqlı idik"

00:50 7 Mart 2016

Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə qarşılaşan “Qəbələ” səfər oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb. “Qırmızı-qaralar”a 3 xal qazandıran həlledici qolu meydana sonradan daxil olan Rəşad Eyyubov vurub. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu matçda hücumçu kimi çıxış edən yarımmüdafiəçi qarşılaşma haqda fikirlərini açıqlayıb: 

“Çətin oyun oldu. İki fərqli hissə oldu. Birinci hissədə rəqib hücumları ilə bizi təzyiq altında saxladı. Fasilədən sonra oyunu bərabərləşdirib, lazım olan qolları vurduq. Qalib gəldik, nəticədən razıyıq. Düşünürəm ki, 3 xalı xarakter hesabına qazandıq. Matça taktiki cəhətdən daha hazırlıqlı idik. Bu da özünü göstərdi. Əvəzetmə zamanı baş məşqçi məndən hücumda oynaya biləcəyimi soruşdu. Mənim üçün ön xətdə yer almağım gözlənilməz deyildi. Əsas olan oynayıb, komandama kömək etməyimdir. Mənim üçün hansı mövqedə yer almağım yox, meydana çıxıb, uğurlar qazanmaqda pay sahibi olmağım vacibdir. Qol epizoduna gəlincə, lazım olan anda, lazım olan yerdə qərarlaşdığımdan fərqlənə bildim. Kubokda əsas məqsəd yarımfinala adlamaqdır. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Səfərdəki ilk qarşılaşmada qalib gəlsək də, cavab oyununda da heç-heçəyə oynamayacağıq. Görüşə qələbə qazanmaq üçün çıxacağıq”.

 

Xatırladaq ki, “Neftçi” ilə oyunda rəqib qapısına yol tapan hər iki futbolçu “qırmızı-qaralar”ın heyətində ilk dəfə fərqlənib. Buna 76-cı oyununda nail olan Rafael Santos klub tarixinə qol vuran 102-ci, Eyyubov isə 103-cü futbolçu kimi düşüb. Rəşad qol hesabını 7-ci matçda açıb. Bu iki oyunçu Premyer Liqada qol sevinci yaşayan “Qəbələ”lilərin sayını 79-a çatdırıb.


Digər xəbərlər

Xəbər xətti