Üzgüçümüz olimpiya oyunlarına vəsiqə qazandı

15:57 7 Mart 2016

Azərbaycan üzgüçüsü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federsiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, üzgüçümüz Maksim Şemberev martın 4-6-da Almaniyanın Berlin şəhərində keçirilmiş "Swim Meeting" beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıb. Federsiya rəsmisi əlavə edib ki, M.Şemberev 1500 metr məsafəyə (15 dəqiqə 38,59 saniyə) sərbəst üslubda qızıl, 400 metr məsafəyə kompleks üzmədə isə gümüş (24,03 saniyə) medal qazanıb.

“Üzgüçümüzün göstərdiyi hər iki nəticə "B" təsnifat normativini üstələyir ki, bu da 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına iştirak etmək hüququ verir. Qeyd edim ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq üzgüçülərimiz “B” təsnifat normativlərini üstələyərək lisenziya qazanırlar” deyə Məqsəd Rəhimov bildirib. 

Mətbuat xidmətindən bildiriblər ki, digər azərbaycanlı üzgüçü Anton Jeltyakov isə brass üsulu ilə 200 metr məsafəyə (2 dəqiqə 18,86 saniyə) yarışda bürünc medal qazanıb. Onun "B" təsnifat normativini üstələyərək lisenziya qazanması üçün cəmi 2 saniyəsi çatmayıb.

“Anton Jeltyakovun lisenziya qazanması üçün bir neçə saniyə çatmadı. Bu da onun səhhətindəki xırda problemlə bağlı idi. Bu yaxınlarda Belarusun Brest şəhərində lisenziya hüquqlu keçiriləcək növbəti yarışda Anton Jeltyakovdan və 2 dəfə finala qədər yüksələn digər üzgüçümüz Boris Kirilovdan "B" təsnifat normativini üstələyərək lisenziya qazanmalarını gözləyirik” deyə Məqsəd Rəhimov əlavə edib.


Digər xəbərlər

Xəbər xətti