“Kəpəz”in heyətində ilk matçımı keçirməyim mənim üçün də sevindirici oldu. Ümumiyyətlə, ilk dəfə idi ki, Premyer Liqada oynamaq imkanı əldə edirdim. Bu vaxta kimi hazırkı klubumda və əvvəllər çıxış etdiyim komandalarda ehtiyatda otursam da, nəhayət ki, meydana çıxdım. İnşallah, bunun davamı gələr və daha çox oynayaram. Bunun üçün əlimdən gələni edirəm. Oynamaqla komandama daha çox xeyir vermək istəyirəm. Məşqçilər korpusuna da etimad üçün minnətdaram”.
Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qolkiperi Eyyub Əliyev klubun saytına açıqlamasında deyib. "Rəvan"la matçda (1:3)meydana çıxan gənc qolkiper həm “Kəpəz”in heyətində birinci oyununu keçirib, həm də elitada debüt edib.
Əliyev debüt oyununda qapısından qol buraxsa da, son nəticə uğurlu olub, “Kəpəz” üç xala sevinib. Bu mənada qapıçının debütü ilk qələbə və ilk buraxılan qolla yadda qalıb:
“Açığı, heç kim debütdə qol buraxmaq istəməz. Sadəcə, qismət belə alındı. Qarşıdakı oyunlarda şans verilsə, qapını toxunulmaz saxlamağa çalışacağam. Qol buraxmağıma baxmayaraq, “Kəpəz”in qələbəsi ürəyimcə oldu. Qolkiper qapısından qol buraxsa da, komandanın yekunda qələbə qazanması əsasdı”.
“Kəpəz”ə mövsümün əvvəlində cəlb olunan Eyyub bir qayda olaraq yoxlama matçlarında meydana çıxıb. O, “Rəvan”a qarşı görüşdə 65-ci dəqiqədə oyuna daxil olmaqla 25 dəqiqə forma geyinib:
“Kimin nə qədər oynamasının yox, komandanın qələbəsi vacibdir. Məşqlər və oyunlar zamanı qolkiperlə işləyən məşqçimiz Nadir Şükürov, eləcə də komanda yoldaşım Tadas Simaitisdən çox şey öyrənməyə səy göstərirəm. Tadas legionerdir, yaşca məndən böyükdür, təcrübəlidir. Hələ öyrəniləsi çox şey var. “Kəpəz”ə layiqli futbolçu olmaq üçün öz üzərimdə işləyirəm”.