Rasim Əliyevin anası: "Bu Cavid Hüseynovla Elşən İsmayılovun təşkil etdiyi işdir"

13:59 10 Mart 2016

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 


Sportarena.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxış edərək bildirib ki, Rasim Əliyev təqsirləndirilən şəxslərin heç birini əvvəlcədən tanımayıb: “Rasim Cavid Hüseynovun Azərbaycanı təmsil etməsini istəməyib, bununla bağlı jurnalist fikrini ifadə edib. Bu isə Cavid və onun yaxınlarının xoşuna gəlməyib. Bu hadisə sırf Cavid Hüseynov və Elşən İsmayılovun təşkil etdiyi işdir. İndi heç biri özünü günahkar bilmir”.
 

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri replika hüququndan istifadə edərək Rasim Əliyevin həkim səhlənkarlığı nəticəsinə öldüyünü deyiblər.
 

Təqsirləndirilən şəxslərə son söz demək təklif olunub. Onlar çıxışa hazır olmadıqlarını bildiriblər.
 

Proses martın 17-də davam etdiriləcək.
 

Qeyd edək ki, fevralın 23-də keçirilən  prosesdə dövlət ittihamçısı çıxış edib. O,  Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
 

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
 

Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti