"Oyunda əlimizdən gələni etdik. Qalib gəlmək istəyirdik amma haqsızlıqlara görə məğlub olduq. "Neftçi" ilə oyunda biz 14 nəfərə qarşı mübarizə aparırdıq. 3 nəfərdə hakimlər heyəti bizə qarşı idi."
Bu sözləri Sportarena.az-a açıqlamasında Azərbaycan kubokunda "Neftçi"yə 2:0 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın futbolçusu Orxan Səfiyaroğlu deyib.
"Matç bitəndən sonra etirazımı bildirmək üçün baş hakim Rəhim Həsənova yaxınlaşdım və dedim ki, belə oyun idarə etməzlər. Cavabında mənə dedi ki,- qoduq get o tərəfə, sən kimsən?, səni bir sözümlə futboldan silərəm. Mənə maraqlıdır ki, bu haqqı hakimlərə kim verib? Əgər Rəhim Həsənovun "arxası" o qədər güclüdürsə, niyə hakim olur, getsin başqa işlərlə məşğul olsun."
Gənc futbolçu bundan sonra yalnız Lənkəranın adı üçün mübarizə aparacaqlarını vurğulayıb:
"Premyer Liqada artıq ümidimiz qalmayıb. Kubokda da haqsızlıqlarla məğlub olduq və kənarda qaldıq. Bundan sonrakı planımız yalnız Lənkəranın adını saxlamaq üçün oyunlarda məğlub olmamaqdır."