FİFA-nın sabiq prezidenti Yozef Blatterin işi ilə bağlı İsveçrə polisinin apardığı istintaq çərçivəsində Fransa Futbol Federasiyasının ofisində axtarış olub.
Federasiyasının razılığı ilə reallaşan axtarış Fransa Maliyyə Prokurorluğunun iştirakı ilə keçirilib. Axtarış zamanı Blatterin UEFA-nın keçmiş prezidenti Mişel Platininin hesabına təxminən 2 milyon avro məbləğində pulun köçürülməsi ilə bağlı sənədlər götürülüb.
İsveçrənin baş prokuroru Mixael Lauberin sözlərinə görə, Platininin bu işdə hansı statusla iştirak etdiyi hələ tam dəqiqləşməyib.
Xatırladaq ki, 2015-ci il sentyabrın 24-də İsveçrənin Federal Ədliyyə Bürosu Mişel Platininin hesabına qeyri-qanuni olaraq 2 milyon avro köçürməkdə şübhəli bilinən sabiq FİFA prezidenti Yozef Blatter barəsində iş açıb. Prosesin davamı kimi, FİFA Etika Komitəsinin Arbitraj palatası ötən il dekabrın 21-də Blatter və Platinini 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb. Lakin Apellyasiya Komitəsi cəzanı yüngülləşdirərək cəza müddətini 6 ilə endirib.