"Ümidlərimiz kuboka idi. Lakin məğlub olduq. Hal-hazırda komandamız Gəncəyə yola düşəcək. Bu oyuna çox güclü hazırlaşmışıq. Futbolçularımız bu oyuna böyük ruh yüksəkliyi ilə hazırlaşıb. Çalışacağıq ki, "Kəpəz"lə oyundan maksimum nəticə ilə geri dönək.
Bu sözləri sportarena.az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.
"Kəpəz"lə qarşılaşmada meydanda mübarizə aparacaq heyət barədə məlumat verən E.Məmmədov matçda Nodar Məmmədovun çıxış etməyəcəyini vurğulayıb:
"Heyətdə zədəli futbolçumuz yoxdur. Lakin Nodar Məmmədov sarı vərəqə səbəbi ilə bu matçı buraxmalı olacaq. Asif Mirili "Neftçi" ilə matçda zədələnmişdi. Amma bu zədə onun "Kəpəz"lə matçda heyətdən kənar qalmasına mane olmayacaq.
Baş məşqçi hal-hazırda əvəzedicilərin heyətində çıxış edən Kamran Abdullazadə barəsində də fikir bildirib:
"Kamran Abdullazadə bir müddət futboldan uzaq qaldı. Bu səbəbdən əsas heyətdə oyunlara çıxa biləcək formasında deyil. Lakin o, əvəzedicilərin heyətində məşqlərə davam edir. Əvəzedicilərin heyətində bir neçə oyun da keçirib. Formasını tam bərpa etdikdən sonra əsas heyətə düşə biləcək".
Elnur Cəfərovun yenidən əvəzedicilərdə çıxış edəcəyi barədə yayılan məlumatlara fikir bildirən E.Məmmədov bunları deyib:
"Elnur Cəfərovun "Ovyedo"ya transfer olunub-olunmayacağı barədə heç nə deyə bilmərəm. Əgər o, İspaniya klubuna transfer olunmasa yenidən əvəzedicilərin heyətinə qoşulma şansı olacaq".