AFFA Təhsil Nazirliyi ilə müqavilə imzaladı - FOTO

12:22 15 Mart 2016

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
 


Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, memorandumu AFFA tərəfindən baş katib Elxan Məmmədov, Təhsil Nazirliyi tərəfindən nazir müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov İmzalayıb.
Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2016-2020-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi inkişafı üçün əngəl törədən zərərli vərdişlərdən çəkindirmək, ölkənin futbol üzrə milli və olimpiya yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə bir idman növü kimi futbolun inkişaf etdirilməsi, onun keyfiyyətinin və kütləviliyinin artırılmasından ibarətdir.

 

Tədbirdə təhsil nazirinin müavini F. Qurbanov çıxış edərək təhsil alanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün tədris metodikasının təkmilləşdirilməsi və s. istiqamətlərdə Nazirlik tərəfindən görülən işlər barədə danışıb, futbolun maddi-texniki bazasının yaxşılaşdırılması, futbol meydançalarının yaradılması, məktəbli futbolçulların idman ustalıqlarının və futbolun kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

AFFA-nın baş katibi Elxan Məmmədov öz çıxışında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşması, bu yaş qruplarına daxil olanlar arasında futbolla məşğul olanların sayının artması istiqamətlərində həyata keçirilən müxtəlif layihələr barədə məlumat verib, bu layihələrin gənc nəslin sağlam həyat tərzinə istiqamətdirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu sahədə AFFA ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olacağını vurğulayıb.


İmzalanma mərasimdə Təhsil Nazirliyinin, AFFA-nın rəsmi şəxsləri, uşaq-gənclər futbol məktəblərinin direktorları iştirak edibər.


Digər xəbərlər

Xəbər xətti