Roman Qirqorçuk: "Arzum Qəbələdə Çempionlar Liqasının himnini duymaqdır" - VİDEO

14:50 15 Mart 2016

Qəbələdə klubun təşkilatçılığı ilə rayon ziyalıları və veteran futbolçularla görüş keçirilib. 

 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, futbol direktoru Toni Adams, baş məşqçi Roman Qriqorçuk, kommersiya direktoru Mustafa Aztopal və marketinq meneceri Səməd Nəsibov iştirak ediblər. 

 


Tədbiri giriş sözü ilə açan Fariz Nəcəfov görüşün vacibliyini vurğulayaraq uzun zamandır belə bir toplantının planlaşdırıldığını bildirib. Klub rəsmisi “Qəbələ”nin son dövrdə futbolda və digər idman növlərində qazandığı uğurlardan , gələcək üçün planlardan və hədəflərdən bəhs edib: İctimaiyyətlə əlaqələrin klubun həyatında önəmli yer tutduğunu söyləyən Nəcəfov klubun azarkeşlərə ehtiyac duyduğunu deyib və ziyalıları, futbol veteranlarını “Qəbələ”nin ətrafında daha sıx birləşməyə çağırıb: “Qarşısına böyük klub olmağı hədəf qoyan bir komanda üçün azarkeş faktoru ən vacib məsələdir. Bu mənada problem yaşadığımız heç birinizə sirr deyil. Azarkeş probleminin həllində köməyinizə ehtiyacımız var. Bu səbəbdən əməyimizi, gücümüzü birləşdirməliyik. Futbol veteranlarımız gənc yaşlarında regionda futbolun inkişafına çalışıblar. İndi isə “Qəbələ”nin oyunlarına gəlməklə dəstəklərini əsirgəmirlər. Biz onların səylərini dəyərləndiririk. Stadionumuzda onlar üçün xüsusi yerlər ayrılacaq ki, oyunları rahat şəkildə izləyə bilsinlər. Biz bu gün veteran futbolçulara dəyər verməliyik. Gənc futbolçularımız da bu duruma şahidlik edərək gələcəkləri barədə əminlik və rahatlıq duymalıdırlar". 

 

Tədbirdə yer aldığı üçün məmnunluğunu bildirən Roman Qriqorçuk bütün klub azarkeşlərinə komandaya verdikləri dəstəyə görə təşəkkür edib. Baş məşqçi komanda və azarkeşlərlə bağlı arzularını da gizlətməyib: “Məşqçi kimi arzum Qəbələdə Çempionlar Liqasının himnini duymaqdır. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Bundan əlavə oyun günləri Qəbələdə xüsusi canlılıq, böyük azarkeş ordusu görməyi arzulayırıq. İnanıram ki, sizin də dəstəyinizlə biz bu arzuları reallaşdıracağıq”. 

 

Klubun futbol direktoru Toni Adams ictimaiyyətlə əlaqələrin vacibliyini vurğulayıb və “Qəbələ”yə azarkeşlik edən hər kəsi kluba daha yaxın olmağa çağırıb. Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev Qəbələdə “futbol ailəsi” yaratmağın önəmindən, bu addımın müsbət tərəflərindən danışıb və bu işdə tədbir iştirakçılarından dəstək gözlədiklərini deyib. Daha sonra söz rayon ziyalılarına və futbol veteranlarına verilib. Çıxış edənlər - Filologiya elmləri doktoru, professor Abid Tahirli, iqtisad elmləri namizədi, dosent Namiq Muradov, fizika-riyaziyyat elmləri doktoru, professor Musavər Musayev, Qədir Kərimov və veteran futbolçu Fikrət Abdurrahmanov irad və təkliflərini söyləyiblər. Natiqlər klubla ictimaiyyət arasındakı əlaqələrin genişləndirilməsi və bu istiqamətdə əməli fəaliyyətə keçilməsinin vacibliyini vurğulayıblar. Yekunda azarkeşlərlə işin davamlı aparılması üçün işçi qrupun yaradılması barədə razılıq əldə olunub.


Digər xəbərlər

Xəbər xətti