Asim Xudiyev: "...Hakimlərimiz bu il səviyyəsiz oyunlar idarə edirlər"

10:07 16 Mart 2016

AFFA-nın futzal üzrə koordinatoru, sabiq FİFA hakimi Asim Xudiyevin müsahibəsi
 
- Futzal yığmamız dünya çempionatının pley-off mərhələsi çərçivəsində martın 22-də Hollandiya ilə qarşılaşacaq. Bu görüşə hazırlıq necə gedir?
- Bildiyiniz kimi, millimiz hazırda təlim-məşq toplanışındadı. Komandamız martın 18-də Hollandiyaya yola düşəcək. Hazırda heyətdə 17 futzalçı var. Təbii ki, səfər öncəsi onlardan 3-ü siyahıdan çıxarılacaq. Texniki heyətlə birlikdə səfərə 21 nəfər yollanacaq. Millimiz “ABU Arena” idman kompleksində gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Komandamız dünən ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət seçmə ilə yoxlama görüşündə də qüvvəsini sınadı. Heyətdə zədəli futzalçının olmaması sevindirici məqamdı.
 
- Yəqin razılaşarsınız ki, Hollandiya millisi keçiləsi rəqibdi?
- Çoxları deyir ki, Hollandiya asan rəqibdi. Amma bu komanda da Avropa və dünya çempionatlarında təcrübə toplayıb. İlk oyunun Hollandiyada keçirilməsi, məncə, onlar üçün üstünlükdü. Təbii ki, bununla demək istəmirəm ki, rəqib öz meydanında qalib gələcək. Çünki bizim komandamızın da təcrübəli oyunçuları var. Səfərdən sərfəli nəticə ilə dönmək niyyətindəyik.
 
- Millimiz bu yaxınlarda Avropa çempionatının final mərhələsində iştirak etdi. Bunun Hollandiya ilə oyunlar öncəsi nə kimi xeyri olacaq?
- Fikrimcə, komandamız Avropa çempionatında heç də zəif təsir bağışlamadı. Əsas üstünlük ondan ibarətdi ki, heyətdə dəyişiklik yoxdu. Həmin “4-lük”lər oynayacaq. Onların da oyun praktikası, təcrübəsi kifayət qədərdi. Hər hansı bir oyunçumuz zədələnməsə, komandamızın Hollandiyadan uğurlu nəticə ilə dönəcəyini düşünürəm.
 
- Futzal üzrə ölkə çempionatındakı klublar elə də yüksək səviyyədə deyillər. Bunun yığmaya təsiri olurmu?
- Mən düşünmürəm ki, klublarımız zəifdi. Çempionatımız normal keçir. Təbii ki, autsayderlər də var. Çempionat oyunlarını izləyirəm, texnikalı, sürətli oyunlar olur. 4-5 klubumuz yaxşı çıxış edir.
 
- Pley-off oyunlarından sonra hansısa ölkədə təlim-məşq toplanışı keçirmək planlaşdırılırmı?
- Hazırda bütün diqqətimizi Hollandiya ilə qarşılaşmalara yönəltmişik. O ki qaldı toplanış məsələsinə, bu, pley-offdakı nəticələrdən asılı olacaq. Komandamız Kolumbiyada keçiriləcək dünya çempionatına vəsiqə qazansa, təbii ki, təlim-məşq toplanışları, yoldaşlıq görüşləri keçiriləcək. İlk dəfədi ki, dünya çempionatına qatılmaq üçün böyük şansımız var. Pley-offdan sonra final mərhələsinə o qədər də çox vaxt qalmayacaq. Bütün bunlar nəzərə alınacaq.
 
- Siz eyni zamanda sabiq FİFA hakimisiniz. Bu mövsüm, xüsusən də, qış fasiləsindən sonra hakimliklə bağlı ciddi narazılıqlar olur. Siz hakimlərimizin səviyyəsindən razısınızmı?
- Mən də prosesləri izləyirəm. Klublar məğlub olanda hakimlikdən narazılıq edirlər. Məncə, hakimliyimiz normaldı. Amma təəssüf ki, kobud səhvlər edirlər. Gəncdilər, gərək hər oyundan sonra idarəçiliklərini təhlil etsinlər. Nöqsanları aradan qaldırmaq üçün çox çalışmalıdılar.
 
- Ötən mövsümlərlə müqayisədə hakimliyimizdə sanki geriləmə var. Çünki bu mövsüm səhvlər daha qabarıq şəkildə görünür...
- Məncə, elə böyük fərq yoxdu. Bir daha qeyd edirəm ki, səhvlər var. Amma bu o demək deyil ki, ötən il səviyyəli, bu il səviyyəsiz oyunlar idarə edirlər. May ayında çempionatımız başa çatır. Hakimlərimiz, xüsusən də, mövsümün son mərhələsində daha ciddi olmalıdılar.
 
- Sizin dövrünüzdəki hakimliklə indikini müqayisə etsək, hansı daha yaxşıdı?
- Müqayisə etsək, keçmiş illərdə olan hakimlərimiz indi yoxdu. İndi hakimlərimizin çoxu gəncdi. Onlar hələ öyrənmə mərhələsindədilər. Amma adaptasiya dövrünü çətin keçirlər. Əlbəttə ki, aralarında bu baxımdan inkişaf edənlər də var.
 


Digər xəbərlər

Xəbər xətti