Dünən futzal üzrə Azərbaycan yığma komandası Hollandiya millisi ilə qarşılaşıb (1:5).
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futzal üzrə dünya çempionatının seçmə mərhələsinin play-off raundunda keçirilmiş Hollandiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Perez komandasının qalibiyyətini belə şərh edib:
“Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq. Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.