Portuqaliyanın Lissabon şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kuboku başa çatıb.
Sportarena.az xəbər verir ki, bu yarışlarda Azərbaycan qrup hərəkətləri komandası, həmçinin fərdi çıxış proqramında bir gimnastla təmsil olunub.
Apreldə Rio-de-Janeyroda keçiriləcək sınaq turnirinə hazırlaşan, Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup çoxnövçülükdə 8-ci yer tutaraq, 5 lentlə finala vəsiqə qazanıb və nəticədə 7-ci olub. Gimnastlarımız beynəlxalq arenada ilk dəfə olaraq yeni çıxış proqramlarını nümayiş etdirdiblər. Fərdi gimnastlar Ayşən Bayramova və Elif Zeynep Celep isə qrup hərəkətləri komandasının tərkibində debüt ediblər.
Bu ildən böyüklər proqramı ilə çıxış etməyə başlayan gimnastımız Jalə Piriyeva çoxnövçülükdə 19-cu yeri tutub.
Qrup hərəkətləri komandası üçün növbəti turnir yığmanın lideri Marina Durundanın da qatılacağı Tiyedə (Fransa, 26-27 mart) təşkil olunacaq Qran-pri yarışları olacaq.