"Rəvan"ın futbolçusu: "Pul lazım olanda atamdan borc alıram" - MÜSAHİBƏ

13:15 23 Mart 2016

Klublarımızın üzləşdiyi maliyyə çətinliyi futbolumuza ziyan vurmaqla yanaşı, xeyir də  verdi. Hər il böyük məbləğə Azərbaycana gətirilən legionerlər indi “dəbdən düşüb". Klublar məcburiyyətdən yerli futbolçulara üstünlük verirlər ki, bu da bir çox gənclərin özlərini göstərmələri üçün əla şansdır. Bu mövsüm əvvəlki illərlə müqayisədə Premyer Liqa komandalarının heyətlərində gənclərin sayı xeyli çoxalıb. Aralarında istedadlı futbolçular var və gələcəkdə Azərbaycan futboluna xeyir verəcək gücdədilər. Onlardan biri də “Rəvan"ın və U-21 yığmamızın qapıçısı Rəşad Əzizlidir. Rəşad yaxış keçmişimizin tanınmış qolkiperlərindən biri, yığma komandanan qapıçılarla işləyən məşqçisi Faiq Əzizovun oğludur. Martın 11-də Rəşad Əzizlinin toyu oldu, gənc qapıçı ailə həyatı qurdu. Toydan bir neçə gün sonra Rəşadla görüşüb müsahibə götürmək qərarına gəldik. Bəri başdan qeyd edək ki, Rəşad yaxşı qapıçı olduğu qədər də, maraqlı müsahibdi. İnanırıq ki, həm də nümunəvi ailə başçısı olacaq.

 

- Rəşad, təbrik edirəm! 22 yaşın var. Futbolçu üçün bu yaşda evlənmək tez deyil?
- Çox sağ olun! Əgər ailə qurmağın məsuliyyətini anlayırsansa, gec deyil. Evləndikdən sonra fikrin istər-istəməz ailənin, futbolun yanında olur, mənasız işlərlə məşğul olmağa vaxt qalmır.

- Həyat yoldaşını özün seçdin, ya valideynlərin məsləhət gördülər?
- Öz seçimimdir. Dostumun qrup yoldaşıdır. Tanış olduq, bir-birimizi bəyəndik. Atamgil də seçimimi bəyəndi, heç bir problem yaranmadı.

- Toy necə keçdi? İndiki çətin zamanda ziyana düşmədiniz ki?
- Yox, yaxşı qurtardıq. Məclisdə 500-ə yaxın qonaq var idi. Hamısı ailələrimizə yaxın insanlar idi. Düzdür, dəvət olunan bir neçə qonaq gəlmədi. “Zirə"li dostlarım Qəbələdə idilər deyə, toyda iştirak edə bilmədilər. Dəvətsiz gələnlər də var idi, onların iştirakı sürpriz oldu.

- Evləndikdən sonra valideynlərindən ayrı yaşayırsız?
- Ailədə 1 bacı, 1 qardaşıq. Bacım hələ ailə həyatı qurmayıb. Tək oğul olduğum üçün atamgillə yaşamaq istəyirdim. Amma məsləhət gördülər ki, ayrı yaşayaq. Belədə ailənin məsuliyyətini daha yaxşı dərk edirsən. Ayrı deyəndə, evlərimiz ayrıdır, atamgilllə qonşuyam. Səfərlərə çıxanda evdən nigaran qalmayacam.

 

- Rəşad, futboldan danışaq. Qapıçılığı seçməyində atanın rolu çox olub?
- Əlbəttə. Uşaq vaxtı kikboksinqlə məşğul olurdum. Bir dəfə atamgilin məşqini izlədim və məndə futbola həvəs yarandı. “Azəri" komandası var idi, ora yazıldım. İlk günlər müdafiəçi kimi oynayırdım. Sonradan atam dedi ki, indidən seçim elə, sonra çətin olacaq. Onun kimi qapıçı olmaq istədiyimi deyəndən sonra məni Adil Mahmudovun yanına apardı. Elə o vaxtdan qapıda dayanıram. Atam özü mənə məşq keçirdi. Sonradan “İnter"ə apardı. Orada da atam məşqçim oldu. “İnter"in əvəzedicilərinə kimi qapıçılığı mənə atam öyrədib. 

- Necə müəllim idi?
- Əla. Atam olduğu üçün demirəm, hamıdan onun haqqında ancaq xoş sözlər eşitmişəm.

- Heç atanın qapıda dayanmağı yadındadır?
- 1-2 oyununu izləmişdim. “Bakılı"nın “Bakı", “Neftçi" ilə oyunları indi də yadımdadır. Evdə köhnə kasetlər var, hərdən baxıram. Məncə, yaxşı qapıçı olub. 

- Bilirsən ki, Faiq Əzizov dünya çempionatının final mərhələsində iştirak etmək imkanı qazanan yeganə azərbaycanlı futbolçudur?
- Hə, eşitmişəm. İranda oynayanda İran  yığmasından dəvət almışdı. Qəbul etsəydi, 1998-ci ildəki mundialda iştirak edə bilərdi. Amma o vaxt bizə görə təklifdən imtina etmişdi. 

- Sən necə, imtina edərdin?
- Başqa ölkənin bayrağı altında heç vaxt oynamaram.

 

- “Neftçi"yə keçidinin səbəbi nə idi?
- “İnter"in əvəzedicilərində oynayanda baş məşqçim Elşad Əhmədov idi. O “Neftçi"nin əvəzedicilərinə getdi və məni də özü ilə apardı. Həm də indi karyerasını Türkiyədə davam etdirən Anar Məhərrəmov “İnter"in əvəzedicilərində əsas qapıçı idi. Bir müddət “Neftçi"nin “dubl”unda oynadım. Sonradan 3-cü qapıçı kimi əsas komandaya cəlb edildim. Lakin qapıçılarla işləyən məşqçi nədənsə məni gözümçıxdıya salırdı. Həmin ərəfədə “Simurq"un qapıçılarla işləyən məşqçisi Emil Babayev məni Zaqatalaya çağırdı. Beləcə, icarə əsasında 2 il “Simurq"da çıxış etdim. Sonrası da məlumdur, “Simurq" dağıldı.
 

- Amma “Simurq"da səni daha çox əvəzedicilərin heyətində görürdük.
- “Simurq"da da 3-cü qapıçı idim. Əsas komandada çox az oyunda iştirak etdim. Formamı itirməmək və təcrübə qazanmaq üçün əvəzedici komanda yaxşı variant idi.

- “Simurq"da Georgi Çixradze ilə işləmisən. Çoxları onu bir insan kimi bəyənmirdi...
- Məşqçi kimi çox tələbkar idi. Həyatda isə ondan pis nəsə görməmişəm, hamı ilə yoldaşlıq edirdi.
 

- Bəs, əvəzedicilərin baş məşqçisi Rövşən Babayev?
- Ona həm məşqçi, həm də insan kimi hörmət eləyirəm. Rövşən müəllimin futbolçuları oyuna kökləməyi nəyə desən dəyərdi. 

- “Rəvan"a gəlişinin səbəbkarı da Rövşən Babayevdi.
- “Rəvan"dan əvvəl “Kəpəz"dən dəvət var idi. “Simurq"un vəziyyətinin qeyri-müəyyən olmasına görə Gəncəyə gedə bilmədim. Anar Bəkirov “Simurq"un Premyer Liqada qalacağını deyirdi. Son ana kimi gözlədik. Təəssüf ki, komanda dağıldı. Həmin vaxt Emin Quliyev “Rəvan"a baş məşqçi, Rövşən Babayev ilə Rauf Mehdiyev isə məşqçi gəlmişdilər. Rövşən müəllim zəng elədik ki, yığış gəl. Beləcə, “Rəvan"a keçdim. Qışa kimi Konstantin Maxnovskiyə görə ehtiyatda qaldım. Onun gedişindən sonra Bəhmən Həsənov mənə etimad göstərdi. Etimadı nə dərəcədə doğrultduğumu baş məşqçi deyə bilər. Məncə, hələlik pis dayanmıram. “Rəvan" hazırda mənim üçün ən optimal variantdı. Doğrudur, komandada vəziyyət o qədər də ürəkaçan deyil. Amma mənim üçün oynamaq əsasdır. Həm oyun praktikası sarıdan korluq çəkmirəm, həm də təcrübəm artır.

- Sirr deyilsə, nə qədər maaş alırsan?
- 500 manat. 

- Səncə, bu pulla ailə saxlaya biləcəksən?
- Çətin. Heç o pulu da vaxtında ala bilmirik. Klubda maddi vəziyyətin yaxşı olmaması hamıya məlumdur.

- Deməli, yük Faiq Əzizovun üzərinə düşəcək.
- Yük düşəcək deyəndə, pul lazım olanda atamdan borc alıram. Nə vaxtsa artıqlaması ilə qaytaracam.

- Müxtəlif yaşlı yığmalarda oynamısan. Yığmaya düşməyində atanın köməyi olub?
- 15 yaşından yığma komandaya cəlb edilirəm. Əlbəttə, atamın rolu olub. Xahiş edirəm, fikrimi səhv qəbul etməyin. Yox, kiməsə tapşırmayıb, ya ağız açmayıb ki, oğlumu yığmaya götürün. Sadəcə, məni bir qapıçı kimi yaxşı hazırlaşdırıb.

- Bir ara əsas yığmaya cəlb olunmuşdun. Davamı niyə gəlmir?
- Foqtsun vaxtında əsas yığmaya tanışlıq məqsədilə çağırılmışım. Bu yaşda əsas yığmada qapıda dayanmaq məncə, tezdir. Həm də yığmada Kamran Ağayev, Səlahət Ağayev kimi təcrübəli qapıçılar var. Qismət olsa, növbə mənə də çatar.

- Gənc futbolçular yaşıdlarından təşkil olunmuş yığmalarda uğur qazana bilmirlər. Hansılar ki, bir neçə il sonra əsas yığmada oynamalıdırlar...
- Razıyam. Amma etiraf edək ki, elə gənc futbolçularımız var ki, 1-2 ilə əsas yığmada rahatlıqla oynaya biləcəklər. Kimisə seçməmək üçün ad çəkmirəm. İstedadlı gənclərimiz çoxdur. Gəlmələrdənsə, öz uşaqlarımız yaxşı deyil? Bəlkə də gəlmələrə görə özümüzünkülər həvəsdən düşürlər. Heç biri öz futbolçularımızdan artıq deyil.

- Qapısını qoruduğun komanda autsayderdi. 10-cu yer “Rəvan"ın layiq olduğu yerdir?
- Hər bir komandanın uğur qazanması üçün vacib olan şərtlərdən biri motivasiyadır. Klubda maliyyə vəziyyəti ilə bağlı çətinliklər var, şərait də o qədər ürəkaçan deyil. Adicə, vitaminizasiya yoxdur. Vitaminsiz, enerjisiz futbolçudan sona kimi mübarizə aparmağı gözləməyə dəyməz. Komandada yaxşı futbolçular, istedadlı gənclər var. “Qarabağ", “Qəbələ"dəki şərait bizdə olsaydı, indi sonuncu pillədə deyildik.

 

- Şəraitsizlikdən şikayətlənirsən. Bir vaxtlar futbolumuzda böyük pulların olması futbola gəlişinə təsir göstərib? Axı, əksəriyyət məhz pula görə övladlarının futbolçu olmasını arzulayır.
- Əsla. Futbola atama görə gəlmişəm. O, məni həvəsləndirib.

- Başqa bir sahədən pullu iş təklifi gəlsə, futbolu atarsan?
- Futbolu pula görə oynamıram. Belə olsaydı, “Rəvan"a gəlməzdim. Əsas yaxşı karyera qurmaqdır. Pul özü gec-tez səni tapacaq.

 

- Böyük ehtimalla “Rəvan" bu il Premyer Liqanı tərk edəcək. Təbii ki, onun yerinə komanda tapılsa. Hansı komandaya keçə bilərsən?
- Hələ çempionatın başa çatmasına 12 tur qalıb. Bacardıqca çox xal yığıb Premyer Liqada  qalmağa çalışacağıq. Düzü, hazırda hansısa klubdan təklif almamışam. Çempionat başa çatandan sonra necə olacağını Allah bilir. Yəqin ki, ortabab bir komandada oynayaram. Hər halda U-21-in qapıçısıyam, diqqətdən kanarda qalmaram.

 

- Yığma demişkən, U-21-də əsas qapıçı Şahruddin Məhəmmədəliyevdi...
- Bildim, nə demək istəyirsiniz. Özümü heç kimdən zəif hesab etmirəm. Baş məşqçimiz Yaşar Vahabzadənin seçimi belədir, hörmətlə yanaşmalıyam. Deməli, Yaşar müəllim Şahruddini məndən daha hazırlıqlı sayır. 

 

- “İnter"in futbol məktəbinin yetirməsisən. Nə vaxtsa, “İnter"ə qayıtmaq istərdin?
- Əlbəttə, istəyirəm. Niyə də yox? Çağırsalar, sevə-sevə gedərəm. Düzü, “İnter"dən ayrıldığıma görə peşmanam. Bir qədər səbr eləsəydim, bəlkə də indi əsas komandada idim.

- “İnter"də ehtiyatda oturmaq yaxşdır, ya “Rəvan"da əsas heyətdə oynamaq?
- “Rəvan"da əsas heyət. İndi elə yaşımdır ki, mənə daim oynamaq lazımdır. Ehtiyatda qalmaq vaxtı deyil.

- Bir qapıçı kimi özündə hansı çatışmazlıqları görürsən?
- Çatışmazlıqlar bir deyil, iki deyil. O qədərdi ki. Hələ öyrənirəm. Səhvlər təbii ki, tez-tez olur. Hamı nəyisə səhv buraxa-buraxa öyrənir.

- Atan oyunundan razıdır?
- İmkan olanda oyunlarımı izləyir. Razı qaldığı məqamlar da var, irad tutduğu epizodlarda. Demək olar ki, hər oyundan sonra oyunumla bağlı aramızda söhbət olur. Hansı epizodda düzgün oynamadığımı deyir, etdiyim səhvləri göstərir, məsləhətlərini verir. 

 

- Boyun 185 sm-dir. Qapıçı üçün az deyil?
- Qapıçılar üçün boyun hündür olması vacib şərtdir. Amma digər şərtlər də var. Fikrimcə, 185 sm boy qapıçı üçün normaldır. Rusiya millisinin qapıçısı İqor Akinfeyev mənimlə eyni boydadır. Amma o boyda ölkənin yığmasının əsas qapıçısıdı.

 

- Məşhur qapıçılardan söz düşmüşkən, kimin əlcəyi ilə qapıda dayanmaq istərdin?
- Yəni, kumirim kimdir? Atam. Həmişə ona oxşamaq istəmişəm. Onun əlcəkləri ilə qapıçılığı öyrənmişəm. Amma sovet istehsalı idi deyə, bir qədər rahat deyildi. Kamran Ağayevin mənə göndərdikləri əlcəklər isə müasir idi, adamı daha da həvəsləndirirdi. İndi heç kimin əlcəyini geyinmərəm. Özümün əlcəyim var, mənim çörək ağacımdı. 

- Faiq Əzizovu mülayim insan kimi tanıyırıq. Ailədə xasiyyəti necədir? 

- Çox ciddidir. Amma hərdən zarafatından da qalmır. Artıq, evlənmişəm, yetkin insanam. Amma atamla aramızda pərdə həmişə qalacaq.

- Uşaq vaxtı səni çox danlayırdı?
- Hə, bütün oyunlarda qapının arxasında dayanıb qışqırırdı, məsləhət verirdi. Düzü, onun bu hərəkəti xoşuma gəlmirdi. Amma indi başa düşürəm ki, həmin danlaqların mənə ancaq xeyri olub. İndi də oyunlarda səhv edəndə yenə də məzəmmət edir.

- Ali təhsilin yoxdur. Deyəsən, əksər futbolçular kimi sən də təhsili futbola qurban vermisən.
- 145 saylı məktəbi bitirmişəm. 8-ci sinifə kimi yaxşı oxumuşam. Sonradan yığma ilə tez-tez səfərlərə çıxırdıq deyə, təhsilə fikir verə bilmədim. Ali təhsilim yoxdur. 

- Hərbi xidmət necə, keçmisən?
- MOİK-də 45 gün Biləcəridə karantində oldum. Daha sonra MOİK-ə götürdülər. Oradan isə icarə əsasında “Neftçi"yə keçdim.

- Qorxaq insandan qapıçı çıxmaz. Amma qapıçıların da qorxduqları, çəkindikləri futbolçular olur. Premyer Liqada hansı futbolçu Rəşad Əzizlinin “düşmən"idi?
- Araz Abdullayev. Onun zərbəsindən sonra top həmişə “oynayır". Topun trayektoriyasını müəyyən etmək çətin olur. Komanda kimi isə ən çətini “İnter"lə “Qəbələ"dir. Onların oyun üslubunu tutmaq olmur.
 

- Bəs, sözün həqiqi mənasında, düşmənin var? Nə vaxtsa, hansısa futbolçunu əzişdirmək istəmisən?
- Bir dəfə olub. U-17-nin heyətində Almaniyaya qarşı oynayırdıq. Rəqibin 1 hücumçusu var idi, cüssəli birisiydi. Elə bil uşaqlar rəqibin adına görə çəkinirdilər, ürəksiz oynayırdılar. Buna görə bir az hirslənmişdim, hirsimi üstünə tökməyə adam axtarırdım. Elə oldu ki, cərimə meydançasına ötürülən topu götürmək üçün həmin hücumçu ilə eyni vaxtda havaya qalxdıq. Ayağımın içi ilə sinəsinə qəsdən zərbə vurdum. Hakim penatli təyin elədi. Yaxşı ki, penaltini qaytardım. Yoxsa, məşqçimiz məni birtəhər edəcəkdi. Uşaqlıq idi, indiki düşüncəmlə elə hərəkət etməzdim. Heç bir futbolçunun zədələnməsini istəmərəm. Futbolçunun çörəyi futboldan çıxır. 

- Rəşad, 1994-cü ilin ilk günündə anadan olmusan? Sənə yeni il hədiyyəsi demək olar?
- Olar. Doğdudan da yeni il hədiyyəsiyəm. Yanvarın 1-i mənim üçün ikiqat bayramdı. Hədiyyələr də çox olur.

- Adətən, nə hədiyyə edirlər? 
- Hədiyyə almağı da, verməyi də xoşlayıram. Yaxınlarım bilirlər ki, pul qablarından və saatlardan ibarət kolleksiyam var. Ona görə çox vaxt pul qabı hədiyyə edirlər.

- İçi dolu olur, ya boş?
- (Gülür). Hələ ki, heç kim içi dolu pulqabı verməyib.

 

Söhbətləşdi:
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti