“İnter"in prezidenti Rəşad Qasımovun “Het-trik news” qəzetinə müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Rəşad müəllim, 3 aydır “İnter"in prezidentisiniz. Bu müddətdə hansı işlər görülüb?
- Əsas məsələ, klubun xərcləri optimallaşdırılıb, bütün köhnə borclar müəyyənləşdirilib, üzləşmə aktları imzalanıb və təsdiqlənib, borcların böyük hissəsi bağlanıb, bağlanmayan borclar üçün müddət qrafiki tutulub və qrafik üzrə vaxtında ödənilir, futbolçularla müqavilələr yenilənib. Bundan başqa yerli futbolçulara olan borclar Novruz bayramına kimi tam ödəniləcək. Legionerlərə gəlincə, onlarla danışıqlar aparılıb, hamısı ilə borcların azaldılması ilə bağlı razılıq əldə olunub və müəyyən müddətə onlar da pullarını alacaqlar.
- “İnter"in keçmiş legioneri Baçana Sxadadze pulunu tam olaraq tələb edirdi və verilməyəcəyi təqdirdə FİFA-ya şikayət edəcəyini bildirmişdi.
- Sxadadze ilə danışıqlar apardıq və bizdən alacağı pulun yarısından, bəlkə də yarıdan çoxundan imtina etdi. Bu barədə UEFA-ya məlumat vermişik. Bilirsiz, UEFA bu ilin yanvar ayının 31-ə kimi bütün borcları bağlamağı tələb kimi qarşımıza qoymuşdu. Əks halda klubu həm pul cəzası gözləyirdi, həm də komanda müəyyən müddətə avrokuboklardan uzaqlaşdırıla bilərdi. Həmin vaxta kimi bütün borcları ödəmək mümkün deyildi. Buna baxmayaraq, bütün borclu olduğumuz futbolçularla razılıq əldə edilib və bu barədə UEFA-ya məlumat verilib. Onların daxili qayda-qanunları ilə o qədər də məlumatlı deyiləm. Bu mənada görülən işlərin “İnter"in UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılmayacağına nə dərəcədə təsir edəcəyini deyə bilmərəm. Hələlik bu barədə qərar qəbul edilməyib və vaxtı da bilinmir. Mənfi qərar olacağı təqdirdə borclarmızın olmaması ilə bağlı arayış təqdim edərək apelyasiya şikayəti verəcəyik.
- Bəs, klubun digər borcları?
- Əlbəttə, klubun fəaliyyəti ilə bağlı təkcə futbolçulara deyil, digər qurumlara da borclar yığılıb qalmışdı və onların hamısının bağlanması yönündə iş gedir, bir hissəsi bağlanıb, qalanları isə müəyyənləşdirilmiş qrafik üzrə ödəniləcək. Bura klubun sıravi işçilərinə olan borclar da daxildir. Klubla əməkdaşlığı başa çatmış işçilərə olan borclar həftənin əvvəli tamamilə bağlandı. Hazırda klubda işləyənlərə olan borclar isə yenə də tədricən ödəniləcək.
- Sirr deyilsə, hazırda klubun nə qədər borcu var?
- Üzrlü sayın, kommersiya sirri olduğu üçün məbləği açıqlaya bilmərəm.
- Heç olmasa deyə bilərsiniz ki, altırəqəmlidir, ya yeddirəqəmli?
- Yox, o qədər də çox borcumuz qalmayıb. Altırəqəmlidir.
- Ötən ilin sonunda “İnter"in keçmiş prezidenti Georgi Nikolovla söhbət zamanı futbolçuların maksimum 5 min manat maaş aldıqlarını demişdi. Sizin gəlişinizdən sonra maaşlarda artma və ya azalma olmayıb?
- Qışda gəmi 1 legionerlə - Sezar Meza Kolli ilə müqavilə imzalamışıq. Açıq deyə bilərəm - bizdə legionerlə yerli futbolçuya heç bir fərq qoyulmur. Maaşlar da artırılmayıb, makismum 5 min manat olaraq qalır.
- “İnter"in “yaxşı" vaxtlarında komandada legionerlə çoxluq təşkil edirdi. Bu gün isə səviyyəli legionerlərlə yanaşı yerli futbolçular, özü də gənclər parlaq oyun nümayiş etdirirlər. Maliyyə vəziyyəti əvvəlki kimi olsa, yenə də daha çox legionerlərə güvəniləcək?
- Çox uzağa getməyək, “Atletiko" ilə oyunda meydanda cəmi 5 legioner var idi. Ümumiyyətlə, futbolumuzda kəskin dəyişikliklər onsuz da çoxdan gözlənilirdi. Sadəcə, maliyyə böhranı bu proseslərə təkan verdi. Klublarımızda rentabelliyin olmaması hamıya məlumdur. Yəni, onlar spornsorların hesabına fəaliyyət göstərirlər. Sponsorluq nə deməkdir? Kommerisiya və ya dövlət təşkilatlarının müəyyən vəsaiti təmənnasız, heç bir maliyyə qayıdışı olmadan kluba verməsidir. Sponsorun vəziyyəti yaxşı deyilsə, klub bundan təbii ki, əziyyət çəkəcək. İndiki zamanda Azərbaycan məkanında futboldan xeyir götürmək çox çətindi. Azərbaycan futbolunun inkişafını, avrokuboklarda yüksək nəticələr əldə etməyi, yığmaya futbolçular hazırlamağı düşünürüksə, komandanın tərkibi səviyyəli olmalıdır. Demirəm ki, gəlmələr yerlilərin hamısından güclüdür. Bu gün “İnter"də yığmanın qapısını döyən gənc futbolçular var ki, legionerlərlən fərqlənmirlər. Amma nəyə görəsə, həmin qapı onların üzünə açılmır. Fikrimcə, Fuad Bayramov, Abbas Hüseynov, İlkin Qırtımov, Nizami Hacıyev yığmada oynacayaq və xeyir verə biləcək gücdədilər.
- Hazırda Beynəlxalq Bankdan başqa “İnter"in neçə gəlir mənbəyi var?
- Bizim “Azerikard"la reklam müqaviləmiz var. Kommersiya sirri olduğuna görə detalları açıqlaya bilmərəm.
- Klubun illik büdcəsi nə qədərdir?
- İndiki vəziyyətdə klubun köhnə borclarının olması üzündən büdcəni müəyyən etmək bir qədər çətindir. Yəqin ki, bütün borclar bağlandıqdan sonra 2017-ci maliyyə ili üçün büdcə dəqiqləşəcək. Bu il də olmasa da, növbəti illərdə illik hesabatı ictimaiyyətə təqdim edəcəyik. Ümumiyyətlə, nəinki klubların, bütün şirkətlərin audit hesabatlarını ictimaiyyətə təqdim etməsinin tərəfdarı olmuşam.
- Klub “Joma" istehsalı olan yeni formalarda çıxış edir. “Umbro"dan imtinaya səbəb nə idi?
- Formaları İspaniyadan vasitəçisiz, özümüz gətiririk. Üstəlik, gömrük məsələlərini də özümüz həll edirik. Buna görə “Joma" ucuz başa gəlir. Keyfiyyətinə də söz ola bilməz. “Umbro" ilə işgüzar münasibətlərimiz davam etdiyindən “Joma"nın neçə dəfə ucuz başa gəldiyini söyləmək etikadan kənar olar.
- Stadionda aparılan yenidənqurma işləri nədənsə, ləng gedir.
- Ləngimə Novruz bayramı ilə əlaqədardır. Bayramdan sonra işlər intensivləşəcək. Mövsümün sonuna kimi soyunub-geyinmə otaqlarını və 3-cü meydanda yenidənqurma işlərini tamamlamağı planlaşdırmışıq. Burada iş bitdikdən sonra 4-cü meydanda yenidənqurma işlərinə başlanacaq. Amma tarixi hələ dəqiq bilinmir. Əsas meydanda qapının arxasında yeni tribunanın quraşdırılmasına gəlincə, buna ehtiyac görmürük.
- Akademiyada vəziyyət necədir?
- Bura gələndə təbii ki, akademiyanın vəziyyəti məni qane etmirdi. “İnter"in Futbol Akademiyası Azərbaycanda ən güclü futbol məktəblərindən biridir. Bir vaxtlar bura böyük axın var idi. Məlum vəziyyətdən sonra isə bizdən kənara axın başlamışdı. Bu da başadüşülən idi. Çünki uşaqların məşq keçmələri üçün adi idman ləvazimatları belə yox dərəcəsindəydi. Hazırda akademiyanın üzləşdiyi problemləri həll etməyə çalışırıq. Artıq, bütün yaş qrupları üzrə futbolçulara oyun və məşq formaları, toplar və digər idman ləvazimatları alınıb. Cari mövsümün başa çatmasına 2-3 ay qalıb. İndi alınan geyim dəsəti 5-6 aydan sonra uşaqların əyinlərinə kiçik gələcək deyə, futbolçuların geyim dəstləri ilə tam təmin olunmasını gələn mövsümün əvvəlinə saxladıq. İrəliləyiş var. Ən azından həm uşaqlarda, həm də məşqçilərdə həvəs və gələcəyə inam hissi yüksəlib.
- Hazırda akademiyada neçə məşqçi işləyir?
- Qapıçılarla işləyən məşqçiləri də nəzərə alsaq, 18 məşqçimiz var. Kənardan kömək məqsədilə dəvət olunan məşqçilər də var. Səviyyələri bizi qane edir.
- Peter Neuştadterin akademiyaya rəhbər təyin olunması heç də birmənalı qarşılanmadı. Nəyə görə Peter Neuştadter?
- Onun biliyinin, təcrübəsinin bizə xeyri dəyəcəyini düşünüb bu qərarı verdik. Həm də AFFA-nın məsləhətini də nəzərə aldıq.
- Peter Neuştadterə məvacibi AFFA ödəyir, yoxsa klub? Məgər, onun yerinə yerli mütəxəssis təyin etmək olmazdı?
- Peter məvacibi AFFA-dan deyil, bizdən alır. Maaşı heç də düşündüyünüz kimi yüksək deyil. Klubda azərbaycanlıların aldığı qədər məvacib alır, digər işçilərdən fərqlənmir. Sualın yerli mütəxəssislə bağlı hissəsinə cavab olaraq onu deyə bilərəm ki, sadəcə, Peteri təcrübəsinə görə akademiyaya dəvət etmişik.
- Azərbaycan Kubokunda “Rəvan"la ilk oyunun danışılmış olduğu iddia edilirdi...
- Oğul istəyirəm “Rəvan”la oyunun danışılmış olduğunu sübut etsin. Sensasiya, qalmaqal axtarmaq, öz fikirin ictimai fikir kimi cəmiyyətə sırımaq istəyən insanların var. Həmin oyunda “Rəvan"ın vurduğu qolları görmüsünüz. Qol buraxdığımız epizodun birində top müdafiəçinin dabanına dəyərək “doqquzluğ"a getmişdi. Həmin futbolçu 100 dəfə təkrar etsə də, bir də o cür qol vura bilməyəcək. Bu, futboldu və gözlənizməzliklər futbolda həmişə olub.
- Komandanın çempionatdakı çıxışı sizi qane edirmi?
- 3-cü dövrənin əvvəllərində ard-arda xallar itirdik. Yalnız “Kəpəz"lə oyunda “İnter” qələbə qazandı. Özü də yadınızdadırsa, qol vurandan sonra tamamilə müdafiəyə çəkildik və hesabı qorumağa çalışdıq. Bu qələbə futbolçularda özünəinam hissini artırmaq üçün vacib idi. Hazırda 4-cü pillədəyik. Medalçılar sırasına düşəcəyimizə inanıram.
- Yayda futbolçuların əksəriyyətinin müqavilə müddəti başa çatır. Klubu tərk edən futbolçular çox olacaq?
- Avrokuboklar vəsiqə qazansaq, orada yaxşı nəticə qazanmaq üçün kifayət qədər güclü və təcrübəli futbolçularımız var. Müəyyən mövqeləri gücləndirmək lazım gələ bilər ki, bu məsələyə vaxtı gələndə baxılacaq. Hər bir futbolçu ilə danışıqlar aparılacaq. Müəyyən futbolçularla vidalaşacağımız mümkündür. Onların yerinə yeni legionerlərin gətirilməsinə gəlincə, yəqin ki, daha çox yerli futbolçulara üstünlük veriləcək. Çünki legioner futbolçuya görə PFL-ə vəsait ödənilir ki, bu da əlavə xərcdir. Hələlik, UEFA bizimlə bağlı mövqeyini açıqlamayıb. Kluba cəzanın verilib-verilməyəcəyindən asılı olaraq heyət formalaşdırılacaq. Amma heç bir halda “İnter" zəifləməyəcək.
-Futbolçulardan söz düşmüşkən, Rauf Əliyevin vəziyyəti nə yerdədir?
- Zədəsini sağaldıb, fiziki cəhətdən oyunlara tam hazırdır. Yalnız oyun praktikasının azlığından əziyyət çəkir. Onun dönüşü komandanın xeyrinə olacaq, hücum xəttindəki çatışmazlıqlar aradan qalxacaq.
- Mətbuatda Kamal Quliyevin komandaya baş məşqçi postuna gətiriləcəyi barədə xəbərlər yer alıb. Doğrudur?
- Baş məşqçi dəyişikliyi ilə bağlı şəxsən mən heç kimlə danışıq aparmamışam. “İnter”in gələn mövsüm üçün planları, büdcəsi məlum olmadığı halda bunu necə edə bilərəm? Klub prezidenti kimi çox adamla görüşə, söhbət edə bilərəm. Bu, o demək deyil ki, həmin şəxslə danışıq aparıram, komandaya gətirmək istəyirəm. Bayaq dediyim kimi, belə xəbərlər kimlərinsə subyektiv fikridir.
- Zaur Svanadze baş məşqçi kimi sizi qane edir?
- Nəinki baş məşqçi, həm də bir insan kimi ürəyimizcədir. Svanadze ilə işləmək xoşdur. Özünə demişəm ki, gəzən söz-söhbətlərə fikir verməsin, mövsümün sonunda danışarıq.
- Sonucu sualım - 3 aya yaxındır ki, “İnter"in prezidentisiniz. Bura gəlməyinizdə peşman deyilsiniz?
- Qətiyyən. Hesab edirəm ki, hələ bir qədər gecikmişəm. Bir qədər əvvəl gəlsəydim, borcla bağlı problemlər daha tez həll olunardı. Heç UEFA ilə bağlı problem də yaranmazdı. Hər halda, Allah bilən məsləhətdi.
Söhbətləşdi:
İlqar TAĞIYEV