Avstraliya Qran-pri yarışları zamanı keçirdiyi qəzadan zədəsiz xilas olan "McLaren-Honda" komandasının pilotu və bu il Bakıda təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso azərbaycanlı azarkeşlərdən aldığı dəstəyə görə onlara minnətdarlığını ifadə edib.
Məşhur pilot son iki gündə Azərbaycandakı azarkeşlərindən aldığı dəstəyə görə təşəkkürünü bildirib. “Bazar günü keçirdiyim qəzada ciddi zədə almadığıma və sağ qaldığıma görə şükür edirəm. Belə hadisə hər bir yarış pilotunun başına gələ bilər. Lakin Azərbaycandakı fanatlarım da daxil olmaqla çoxsaylı azarkeşlərimdən aldığım dəstək məni ruhlandırdı. Odur ki, indi bir daha Bakıda ilk dəfə keçiriləcək "Formula-1" yarışının rəsmi elçisi olmaqdan qürur duyduğumu bildirirəm və yaydakı yarışlarda fanatlarımın qarşısında yarışmağı səbirsizliklə gözləyirəm", - deyə Fernando Alonso bildirib.