Velosiped idmanı üzrə ölkə çempionatının birinci mərhələsinin qalibləri müəyyənləşib

14:56 24 Mart 2016

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə ölkə çempionatının birinci mərhələsi keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

 

Reqlamentə əsasən, kiçik yaşlı qızlar 7, U-15 və U-17 kateqoriyasında yarışan velosipedçilər müvafiq olaraq 10 və 20, gənclər, U-23 və elit kateqoriyasında mübarizə aparan idmançılar isə 30 kilometr məsafə qət ediblər.

 

Kiçik yaşlı qızların mübarizəsində 8 nömrəli Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu məktəbin digər velosipedçisi Maqsud Həsənov isə 17 yaşadək velosipedçilər arasında ən yüksək nəticə göstərib.

 

U-15, gənclər və elit kateqoriyasında isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Bakir Dadaşov və Ayxan İltifatlı digər rəqibləri üçün əlçatmaz olublar.

 

Üç mərhələdən ibarət olan dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 2-ci mərhələsi martın 26-27-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti