Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının qrup rəqiblərindən 3-ü bu il Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinin iştirakçısıdır. Həlledici turnirində mübarizə aparacaq komandaların baş məşqçilərinin illik əmək haqqı barədə məlumat yayılıb.
Dünya çempionatının təsnifat mərhələsində qrup rəqiblərimizdən ən yüksək ödənişli baş məşqçi Almaniyanın çalışdırıcısı Yoahim Lövdür – o, ayda 266 min 666 avro olmaqla, ilə 3 milyon 200 min avro qazanır və siyahıda 4-cüdür. Şimali İrlandiya millisinin baş məşqçisi illik 320 min avro qazancla 13-cü, Çex komandasının çalışdırıcısı isə ilə 220 min avro məvaciblə 17-cidir.
Siyahıya İngiltərə millisinin baş məşqçisi, 68 yaşlı Roy Hocson başçılıq edir – onun qazancı aylıq 416 min avro olmaqla, ilə 5 milyon avrodur. İtaliya millisindən Antonio Konte ilə 4,6, Türkiyə yığmasından isə Fatih Terim 3,5 milyon avro qazanmaqla ilk üçlükdə qərarlaşır.
AVRO-2016-da çıxış edəcək milli komandaların baş məşqçiləri arasında ən aşağı maaş alan isə Rumıniya millisinə rəhbərlik edən Angel İordaneskudur – aylıq cəmi 10 min olmaqla, ilə 120 min avro.