Dünən Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanov Hollandiyalı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olub.
Sportarena.az xəbər verir ki, bununla da idmançı Dünya kəmərinə sahiblənib. Bu barədə danışan R.Aslanov ona indiyə qədər dəstək olan şəxslərə öz təşəkkürünü çatdırıb: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, Oqtay Mehdiyevə, mənimlə birlikdə illərdir əziyyət çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, Vüsal Ələsgərova, Zeynal Usubova, Almaniyada yaşayan soydaşlarımız Aysu Askərə, Samir, Ramal,Rövşən və s. adını çəkə bilmədiyim bütün dostlara təşəkkürümü çatdırıram. Çox sevinirəm ki,Dünya Kəmərini Azərbaycana gətirirəm.”
Yarışı canlı izləyən AKF prezidenti, millət vəkili Adil Əliyev Ramalın qələbəsini böyük uğur adlandırıb: “Ramal bizim federasiyanın perspektivli idmançılarındandır. Hələ onu qarşıda daha böyük uğurlar və qələbələr gözləyir. Bu gün belə idmançıların beynəlxalq yarışlarda inamlı qələbələr qazanması ölkə idmanı üçün böyük nailiyyətdir. Ramalı təbrik edirəm.”
İdmançının müəllimi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyev isə bu cur qələbələrin Azərbaycanda gənc kikboksçulara böyük mənəvi stimul verdiyini söyləyib: “Ramal öz üzərində çalışan idmançıdır. Onun uğurları bir müəllimi kimi məni sevindirir. Neçə vaxt idi ki, Ramal yarışa ciddi hazırlaşırdı və nəticə istədiyimiz kimi oldu”.
Qeyd edək ki, idmançı 28 mart saat 21:20-də ölkəyə qayıdacaq.