Budapeştdə baş tutan bədii gimnastika üzrə üçüncü Beynəlxalq “Bahar kuboku – 2016” turniri başa çatıb.
Sportarena.az xəbər verir ki, mötəbər tədbirdə Macarıstanı təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə yüksəlib. 2001-2011-ci il təvəllüdlü gimnastların yarışında ev sahibi Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya və Herseqovina, Polşa, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak ediblər. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, beynəlxalq turnirə vəsiqə qazana bilib.
Qeyd edək ki, beynəlxalq yarışda qalib olan M.Abbasova Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.(AZƏRTAC)