Azərbaycanın 2 klubu Çempionlar Liqasına qrup mərhələsindən başlayacaq

16:34 31 Mart 2016

Avropa Voleybol Konfederasiyası (CEV) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, qadın komandalarının avrokubokdakı çıxışına əsasən tərtib olunan siyahıda Azərbaycan 4-cü pillədə qərarlaşıb.
 

 

Ötən ilki reytinqlə müqayisədə 17 xal itirən ölkəmizin əmsalı 293,33-ə bərabərdi. 2012/2013, 2013/2014 və 2014/2015 mövsümlərinə nəticələrinə görə tərtib olunan cədvəldə 1 il əvvəli mövqeyini qoruyan Azərbaycan yalnız Türkiyə (491,67), Rusiya (458, 67) və Polşadan (322,66) geri qalır.
 

 

İlk “dördlük”də qərarlaşmağımız avrokuboklarda ən yüksək təmsilçisi sayına malik olmaq imkanı verir. Belə ki, siyahının lideri olan “dördlük” Çempionlar Liqasına 3, CEV kuboku və “Çelenc Cup”a 1 komanda göndərəcək. Qitənin ən nüfuzlu turnirində 3 klubdan ikisi birbaşa qrupdan mübarizəyə qoşulacaqsa, üçüncü yerin sahibi təsnifat mərhələlərində oynamalıdı.
 

 

Azərbaycan Super Liqasında finalçılar müəyyənləşdiyindən ilk 2 yerin sahibi bəlli olub. Həlledici seriyada qarşılaşacaq “Telekom”la “Azərreyl” nəticədən asılı olmayaraq, Çempionlar Liqasının qrupunda mübarizə aparacaq. “Lokomotiv”lə “Azəryol” arasında keçiriləcək üçüncü yer uğrunda seriyanın qalibi isə qitənin ən nüfuzlu klub turnirinin təsnifat mərhələsindən yeni avrokubok mövsümünə start verəcək. Həmin dueldə uduzacaq komanda CEV kubokuna yollanacaq. Super Liqada mübarizəni 5-ci kimi dayandıran “Gənclik” isə istəsə “Çelenc Cup”da debüt edəcək.
 

 

Maraqlıdı ki, uzun müddətdi avrokuboklara qatılmayan kişi komandalarımızın beynəlxalq arenaya qayıdışı Çempionlar Liqasından gerçəkləşə bilər. Belə ki, əmsalı 0-a bərabər olan ölkəmiz 35-56-cı yerləri bölüşür. Bu isə Çempionlar Liqasının təsnifat mərhələsində və “Çelenc Cup”da 1 komanda ilə təmsil olunmağa imkan verir. Təbii ki, Azərbaycan Voleybol Federasiyası avrokuboka komanda göndərməyi lazım bilərsə.
 


Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına əsasən 2016/2017 mövsümündən təsnifat mərhələsi oynanılacaq. Burada uduzanlar isə CEV kubokuna enəcəklər. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti