AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- “Qəbələ” üzərində qələbədən sonra AZAL-ın avrokuboklarla bağlı ümidləri bir qədər də artdı. Mövsümün əvvəlində əsas hədəfi elitada qalmaq olan bir klubun indi hansısa mükafata, yüksək yerlərə iddia etməsi sizcə bir qədər təəccüblü görünmür?
- Bu məsələyə sırf qarşıya qoyulan hədəf baxımından yanaşsaq, təəccüb doğuran məqam tapmaq olar. Amma arxada qalan oyunlarda komandanın çıxışının hərtərəfli təhlili göstərir ki, burada qeyri adi heç nə yoxdur. Sadəcə, gözəl kollektivə və yaxşı təşkil olunmuş komandaya sahib olan AZAL mübarizliyi, baxımlı oyunu ilə lazım olan nəticələri qazanaraq bu səviyyəyə yüksəlib. Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçi korpusunun gördüyü düzgün işlər nəticəsində AZAL autsayder imicindən qurtula bildi. İlk 5 turda düçar oldugumuz ugursuzluq bizi qorxutmadı. Özümüz də görürdük ki, komanda futbol oynaya bilir, onun öz stili var. Sadəcə qələbə üçün zamana ehtiyac var idi. Bu gün biz çempionatın liderləri ilə rəqabət aparırıqsa, deməli mövsümün əvvəlində düzgün strategiya seçmişik. Baş məşqçimiz Tərlan Əhmədov bu yükün altına girəndə qorxmadı, bizə ümid verdi. Onun heyət seçimi, gənc və təcrübəsiz futbolçularla təcrübəlilərin vəhdətini yaratmaq bacarıgı bu günkü ugurlarımızın əsasıdır.
- Yeri gəlmişkən, ötən ilin yayında AZAL-ın heyətinə cəlb olunan futbolçuların böyük əksəriyyəti elita təcrübəsi olmayan gənclər və uzun müddət futboldan kənarda qalan futbolçulardan ibarət idi. Onda hamı bunu məcburiyyətdən, yəni maliiyə çətinliyindən irəli gələn addım kimi dəyərləndirirdi. Siz isə bunu baş məşqçinin düzgün heyət seçimi ilə əlaqələndirirsiniz...
- Təəssüf ki. bizim futbolda bu məsələyə maddi duruma görə qiymət verilir. Yəni, belə təsəvvür var ki, kimsə pulu az olan kluba gedirsə, deməli o zəif futbolçudur. Amma bu heç də belə deyil. AZAL-ın builki çıxışı belə təsəvvürlərin yanlış oldugunu bir daha sübut etdi. Götürək elə Rail Məlikovu. Bizə gələnə qədər o ölkəmizin ən adlı-sanlı futbolçularından sayılırdı, böyük pullar görmüşdü. “Bakı”, “Neftçi” kimi nüfuzlu komandaların formasını geyinib, Türkiyədə çıxış edib. Rail bəyəm AZAL-a hansısa böyük məbləğdə pula görə gəlmişdi? Şəxsən mən klub rəhbərlərindən biri kimi onun bu vəziyyətdə bizə gələcəyinə inanmırdım. Tərlan Əhmədov deyəndə ki, Məlikov razılıq verib, bir qədər təəccüb etdim. Deməli, pul önəmli deyil. Burada əsas məşqçiyə, onun işinə inamdır. Sirr deyil ki, AZAL-ın futbolçularının böyük əksəriyyətinin seçimində Tərlan Əhmədov amili əsas rol oynayıb. Railin məhz ona görə bizi seçdi. Mən bu gün komandanın uğurlarında baş məqçi kimi Railin də rolunu qiymətləndirirəm. O əsl kapitandır, komandanın lideridir. Rail meydanda öz oyunu ilə yoldaşlarına nümunədir. AZAL-da oyun və məişət nizam-intizamı varsa, bu həm də Railin sayəsindədir. Kapitan kimi futbolçulara qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Bu mənə vaxtilə “Olimpik”də çıxış edən kapitan Tərlan Əhmədovu xatırladır. Tərlan öz ideyasını oyunçulara çatdırmağın yollarını yaxşı bacarır, bir mütəxəssis kimi özünəxas oyun üslubu var. İndi AZAL-da çıxış edənlər haqda heç kim mövsümün əvvəlindəki kimi danışa bilməz. Murad Səttarlı milli komandaya cəlb olunur, ona indidən bir çox klublar elçi düşüb. Ruslan Nəsirli çoxlarının diqqət mərkəzindədir, Kamal Mirzəyev, Tural Hümbətov U-21-in üzvüdür. Taqim Novruzov ikinci cavanlığını yaşayır. Emin Cəfərquliyev, Kamil hüseynov, İlqar Ələkbərov öz oyunları ilə rəğbət qazanıblar.
- Futbolçularınızdan razılıq edirsiniz, onlara təkliflər gəldiyini deyirsiniz. Bəs çempionatın yekununda onları bu büdcə ilə klubda saxlamaq mümkün olacaq?
- Biz indidən bu məsələləri yoluna qoymaga çalışırıq. Artıq müəyyən planlarımızın həyata keçirilməsinə başlamışıq. Gələn mövsümün planları artıq məlumdur. Klub rəhbərliyi ilə yaxın vaxtlarda bunları müzakirə edəcəyik. Deyə bilərəm ki, gələn çempionatda daha güclü AZAL görəcəksiniz. Büdcə imkanları geniş olan bir klub yaradılacaq. Baş məşqçimiz demək olar bütün oyunçuları saxlamaq istəyir. Cüzi dəyişiklik olacaq. Problemli mövqelərə bir neçə güclü futbolçu dəvət etməklə komandanı daha da gücləndirəcəyik. Futbolçuların hər biri ilə fərdi danışılacaq və onlara daha yaxşı müqavilə şərtləri təklif ediləcək. Təbii ki, Tərlan əhmədovun təqdimatı əsasında.
- Deməli, Tərlan Əhmədovla yolunuza davam edəcəksiniz. Onunla yeni müqavilə bağlanılacaq?
- Əlbəttə. Tərlan Əhmədov bizimlədir və onun getməsində söhbət belə gedə bilməz. Tərlana istənilən şərait yaradlılacaq ki, o AZAL-ı daha yaxşı səviyyəyə qaldırsın. Klub rəhbərliyi Əhmədovun işindən razıdır və baş məşqçi məsələsi bizim gündəmimizdə yoxdur. Müqavilənin yenilənməsi isə sadəcə bir formallıqdır. Bizi Tərlanla bağlayan məqam hansısa sənəd deyil, bizi onunla ümumi fikir, ideya və böyük hədəflər uğrunda mübarizə həvəsi bağlayır.
- Avrokuboklarda iştirakınız üçün şansınız var. Bu gerçəyə çevrilsə, planlarınızda məcburi dəyişikliklər olacaq?
- Biz indi hər oyuna qələbə üçün çıxırıq. Qazandığımız nəticədən asılı olaraq biz qitəmiqyaslı turnirlərə qatılmaq hüququ qazansaq, yəqin ki, müəyyən dəyişikliklər olacaq. Yəni heyətin komlektləşdirilməsi, futbolçu seçimində daha fəal olacağıq. Avrokuboklara getsək, infrastrukturla bağlı layihələrimizin də həyata keçirilməsinə bir qədər erkən başlayacağıq. Bir sözlə, ehtiyat variantlarımız var və vəziyyətdən asılı olaraq lazımi işlər görüləcək.