İdmançımız Avropa Çempionatında üçüncü oldu

16:18 4 Aprel 2016

31 mart – 3 aprel tarixlərində İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa Çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitriy Fedorovskiy və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin və ikili mini batut üzrə yarışlarda Dmitriy Fedorovskiy təmsil ediblər.


İkili mini batut üzrə yarışlarda debüt çıxışımız ölkəyə bürünc medal qazanıb. Hakimlərdən 74.100 xal toplayan Dmitriy Fedorovskiy fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları tutub.

 

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala – Avropanın 8 güclü gimnastları sırasına daxil ola biliblər. Nəticədə, Oleq Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri qazanıb. Oleq sinxron cütlük tərkibində İlya Qrişuninlə birlikdə 7-ci yerdə qərarlaşıblar.

 

Mixail Malkin də ilk dəfə olaraq Avropa Çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci olub.

 

Sonda, bağlanış mərasimində,  batut gimnastikası üzrə növbəti - 26-cı Avropa Çempionatının 2018-ci ildə Bakıda keçiriləcəyindən, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olunub. Bayrağı UEG-nin Vitse-prezidenti kimi səlahiyyətləri çərçivəsində hazırki çempionatın Apellyasiya Kollegiyasının Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov qəbul edib.


Digər xəbərlər

Xəbər xətti