Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib.
Sportarena.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdə və paytaxt Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan ötən səfərindən keçən iki il müddətində şəhərimizin daha da gözəlləşdiyinin şahidi olduğunu bildirib. Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrildiyini qeyd edən qonaq bu münasibətlə təbriklərini çatdırıb. Tomaş Ayan ötən il Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini də vurğulayıb. Bu ilin iyun ayında isə Bakının Formula 1 yarışlarına ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Tomaş Ayan bu yarışın bütün dünyada böyük maraqla izlənildiyini dedi, yarışları izləmək üçün Bakıya Avropa ölkələrindən çoxlu sayda turistlərin gələcəyini qeyd edib.
Dövlətimizin başçısı Formula 1 yarışlarının böyük marağa səbəb olacağına əminliyini ifadə edib, bu məqsədlə ölkəmizə çoxlu sayda turistlərin gələcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlıq işinə böyük töhfələr verdiyi qeyd olunub.