Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən "Qarabağ" - "Kəpəz" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
- Asanlıqla qələbə qazandınız...
- Heç bir oyundan əvvəl asan qələbə qazanacağımızı düşünmürük. Çünki rəqiblər bizə qarşı istəkli hazırlaşır. Çox şükür ki, yaxşı nəticə qazandıq.
- Birtərəfli oyun futbolçuları yormur ki?
- Çalışrııq ki, rahatlaşmayaq. Bunun bir mənası yoxdu. Hər zaman da bunu fikirləşirik. Bizi qarşıda ağır oyunlar gözləyir. "Kəpəz" də pis oynamadı. Mübarizə apara bildikləri qədər çalışdırlar.
- Stadionda bu gün fərqli atmosfer var idi. Bu, sizə əlavə motivasiya verdimi?
- Əlbəttə. Çox xoş hisslər keçirdik. Azarkeşlərimizin çox gəlməyi, 90 dəqiqə ərzində əsgərlərimizlə bağlı şüarlar səsləndirməyi bizi sevindirir.
- Belə atmosferdə meydana çıxanda özünüzü əsgər kimi hiss etmədiniz ki?
- Sizi inandırım sanki cəbhədə idik. Bir anlıq da olsa, özümüzü əsgərlərin yerində hiss etdik.
- Mahir Mədətov qol vuranda əsgər salamı verdi. Çox adam bunu "Xəzər Lənkəran"la oyunda gözləyirdi. Sizcə, bu, gecikmiş addım deyildi?
- Mahir həmin oyunda iki qol vurdu. Ola bilər ki, sevincindən həmin anı unutdu. Amma bu gün əsgər salamı verdi.
- Ola bilər ki, bu, bir qədər gecikmiş sualdı. Qazaxıstanla yoxlama matçında futbolçuların bəziləri dövlət himnimizi oxumaması xoş qarşılanmadı. Bu, kapitan kimi sizə necə təsir etdi?
- Düzü, bunu sizdən eşidirəm. Daima aramızda söhbət gedir ki, buna fikir vermək lazımdı. İnanıram ki, bir daha təkrarlanmayacaq.
- Məşqçi kurslarına da qatılmısız. Bu, mövsümün sonunda karyeranızı bitirmək anlamına gəlmir ki?
- Mövsümün sonunda karyeramı bitirmək fikrim yoxdu. Çox sevinirəm ki, kurslara qatılmışam. Ancaq məşqçi olmaq qəti fikrim deyil. Futbolda hər hansı vəzifədə çalışanlara da tövsiyyəm odur ki, kurslara qatılsınlar. Belə halda futbolu daha yaxşı biləcəklər.
- Sizcə, ikinci Qurban Qurbanova ehtiyac yoxdur?
- Hələ ki, bir Qurban Qurbanovumuz var, ikincisinə ehtiyac yoxdur.( qafqazinfo.az)