Azərbaycan klubu dağılır: 800 min dollar borc

17:16 13 Aprel 2016

“Lokomotiv” voleybol klubu dağılmaq təhlükəsi ilə üzləşib. 

 

Sportarena.az xəbər verir ki, son mövsümü bürünc medalla başa vuran “dəmiryolçular”ın növbəti birincilikdə mübarizə aparacağı sual altına düşüb.
 


Komanda üzvlərinə son 4 ayın maaşını verə bilməyən Bakı təmsilçisinin yaxın günlərdə ciddi sanksiya ilə üzləşəcəyi gözlənilir. Belə ki, artıq bir çox əcnəbilər beynəlxalq və Avropa voleybol federasiyalarına şikayət ediblər.
 


Voleybolçulara 800 min dollara yaxın borcu olan klub bunu ödəyə bilmir. Hətta 2008-ci ildən peşəkar komanda kimi fəaliyyət göstərən “Lokomotiv”in prezidenti Elnar Əsgərov da yeni mövsümdən yaxasını kənara çəkməyi planlaşdırır.
 


“Azəryol”a qalib gəlməklə, Çempionlar Liqasında iştirak hüququ qazanan “dəmiryolçular”ın avrokubokda da cəzaya məruz qalması istisna deyil. Onların sanksiya ilə üzləşməsi isə Azərbaycan voleybolunun imicinə kölgə sala bilər. Çünki Avro-2017-yə ev sahibliyi edəcək yerli federasiya buna görə beynəlxalq qınağa tuş gələ bilər.
 


Sorğumuza cavab olaraq, klubdan da voleybolçulara borcun olduğunu təsdiqləyiblər. Lakin komandanın yaşayıb-yaşamamağı ilə bağlı dəqiq məlumat verilməyib: “Düzdü,  təxminən 800 min dollar borcumuz var. Çempionatı medalla başa vurmuşuq. İndidən nəsə deyə bilmərik. Mövsümdən sonra hər bir klubda belə risk yaşanar”.
 

Qeyd edək ki, 2012-ci ildə “Çelenc Cup”ı qazanan “Lokomotiv” Super Liqada 3 gümüş və 2 bürünc medal qazanıb. Komanda yeni mövsüm üçün hələlik hansısa voleybolçuya yeni müqavilə də təklif etməyib.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti