“Qəbələ”nin aşağı yaş qrupları üzrə olan komandaları liqalarda növbəti oyunlarını keçirib.
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar” son bir həftədə keçirdiyi 6 qarşılaşmada 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyət alıb. 17 qol vuran futbolçular cəmi 1 top buraxıb.
Çempionluğu ötən tur təmin edən U-16 “Sumqayıt”la səfər oyununda qalib gəlib – 6:0. Bu, cari mövsümdə xal itirməyən “Qəbələ”nin ardıcıl 26-cı qələbəsidir. U-15 də çempion titulu ilə çıxdığı qarşılaşmada 6 cavabsız qol vurub. “Bakı”nı məğlub edən “qırmızı-qaralar” 32 oyundan sonra xal hesabını 94-ə çatdırıb.
U-19 Liqada XX turun qarşılaşmaları keçirilib. Bu turda “Qəbələ” istirahət etdiyindən liderliyi əldən verib. Lakin 17 qarşılaşmada 46 xal toplayan “qırmızı-qaralar” 1 xal geridə olduğu liderdən 3 oyun az keçirib.
Təxirə salınmış oyunda “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edən U-17 “Zirə” ilə qolsuz sülhlə kifayətlənib. 23 oyunda 57 xal toplayan əyalət təmsilçisi 2-ci pillədə qərarlaşıb.
U-14 və U-13 Liqalarının paytaxt regionunun Bakıda mübarizə aparan zona oyunlarına da yekun vurulub. "Qəbələ"nin U-14 komandası son turda “Sumqayıt”a qalib gəlib – 1:0. 20 qarşılaşmada 43 xal toplayan “Qəbələ” 2-ci yeri tutub. “İnter”ə 0:1 hesabı ilə uduzan U-13 18 oyunda 34 xal toplayaraq, 5-ci yerdə qərarlaşıb. Hər iki komanda final mərhələsinə yüksəlib. Sabah U-14, U-13, U-12, U-11 və U-10 liqalarında final mərhələsinin püşkatma mərasimi keçiriləcək və “Qəbələ”nin komandalarının rəqibləri bəlli olacaq.