Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 2 qızıl və 1 bürünc medal yazdırıb.
55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov və 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova bütün rəqibləri üzərində qələbə qazanaraq mötəbər yarışın qızıl medallarını qazanıblar
40 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvü Vüsalə Kərimova isə Avropa Kubokunda bürünc medala sahib olub.
Beləliklə, ilk günün nəticəsinə görə Azərbaycan milli 3 medal qazanaraq komanda hesabında birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, 29 ölkədən 346 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunur.