2015-2016-cı il mövsümü üçün AFFA tərəfindən aşağı yaş qrupları üzrə keçirilən Azərbaycan çempionatının Qərb zonasının yarışları başa çatıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən həlledici oyunların yekunlarına əsasən, “Kəpəz”inn üç yaş qrupu üzrə komandası yarışın qalibi olub. "Kəpəz"in U-11, U-12 və U-14 kollektivləri rəqiblərindən üstün olaraq final mərhələsinə vəsiqə qazanıblar.
Bu münasibət ilə “Kəpəz” klubun rəhbərliyi Gəncə şəhər stadionunda komandalarla görüş keçirib. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və icraçı direktor Mehman Allahverdiyev futbolçuları və onların məşqçilərini təbrik edib, komandalara final mərhələsində uğurlar arzulayıb. Sonda komanda üzvlərinə həvəsləndirici fəxri fərman təqdim olunub.