Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

01:08 19 Aprel 2016

Aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb.

 Sərəncama əsasən, həmin şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər. Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu, Beynəlxalq Şahmat Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir.

Göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

Sərəncamda, həmçinin ölkəmizə gələcək şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək, viza prosedurlarının sadələşdirilməsi barədə aidiyyəti beynəlxalq qurumlara, xarici ölkələrin müvafiq orqanlarına, Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərini məlumatlandırmaq, viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Xarici İşlər Nazirliyinin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə Maliyyə və Xarici İşlər nazirliklərinə, Dövlət Miqrasiya Xidmətinə tapşırıqlar verilib.


Digər xəbərlər

Xəbər xətti