Millimizin sabiq baş məşqçisi: "Bu mənim işim deyil ki, kimisə məsləhət görüm" - MÜSAHİBƏ

13:51 21 Aprel 2016

Azərbaycanın futzal yığmasının baş məşqçisi postundan ayrılan Tino Peresin müsahibəsi
 
- Azərbaycan millisindən ayrılmaq qərarınız gözlənilməz oldu. Nəyə görə fəaliyyətinizi davam etdirmək istəmədiz?
- Mənim müqaviləm bu ay başa çatdı. Ailəm üçün darıxıram. İki ilə yaxındı ki, burdayam. Ailəmdən ayrı yaşamaq çox çətindi. Onların yanında, İspaniyada olmaq istəyirəm.
 
- Futbol millimizin baş məşqçisi Robert Prosineçki analoji problemlə üzləşməmək üçün ailəsini Bakıya gətirib. Siz də eyni addımı ata bilməzdizmi?
- Mümkün deyildi. Övladım məktəbdə oxuyur. Evdə xəstə anam var. Buna görə də, ən doğru qərar qayıtmağım idi. Anam, bacılarım, ailə üzvlərim, oğlum var, onlardan ötrü darıxırdım. Anam ağır xəstədi. Bacılarım işə getdiyindən, hərdən tək qalır. Onun yanında olmalıyam.
 
- Belə bir söz-söhbət yayılıb ki, yeni müqavilənin maliyyə məsələsində AFFA ilə razılığa gələ bilməmisiz və ayrılmaq qərarınız bununla bağlıdı. Doğrudumu?
- Mən bu barədə danışmaq istəmirəm. İlk növbədə, ailə vəziyyətinə görə bu qərara gəldim. Başa düşürsüz, ailəmdən ötrü darıxıram.
 
- Millimizi dünya çempionatına çıxardınız. Olmazdı ki, mundialdan sonra ölkəmizi tərk edərdiz?
- Xeyr, gözləyə bilməzdim. İndi qərar verdim. Həm də bir az istirahət etmək istəyirəm. Buna görə də, dünya çempionatını gözləmədim.
 
- Bundan sonrakı planlarınız nədən ibarətdi? Fəaliyyətinizi hansısa yığmada, yoxsa klubda davam etdirmək niyyətindəsiz?
- Gələcək fəaliyyətimlə bağlı hazırda heç nə düşünmürəm. İstirahət etdikdən sonra təklif olsa, baxacam.
 
- Azərbaycan yığmasındakı fəaliyyətinizi necə dəyərləndirirsiz və millimizdə nə kimi problemlərin olduğunu düşünürsüz?
- Öz işim haqda nəsə deyə bilmərəm. İşimə ətrafdakılar qiymət versə, daha yaxşıdı. Futzal Federasiyasının prezidenti Zaur Axundova, həmçinin AFFA rəhbərliyinə təşəkkür edirəm. Azərbaycanda işlədiyim üçün çox şadam. O ki qaldı yığmadakı problemlərə, mən bu komanda ilə nailiyyət qazanmışamsa, deməli, heç bir mövqedə problem yoxdu. Uşaqlara da təşəkkürümü bildirirəm. İş birliyimiz yaxşı alındı. Bəlkə də, məndən sonra gələn məşqçi komandanı bir qədər də gücləndirəcək. Amma mən hansısa mövqedə problem görməmişəm.
 
- Yerinizə kimin baş məşqçi gətirilməsini istərdiz? Namizədiniz varmı?
- Mən namizəd irəli sürə bilmərəm (gülür). Bu mənim işim deyil ki, kimisə məsləhət görüm.  
 
- Yığmamızın dünya çempionatındakı şanslarını necə qiymətləndirirsiz? Millimiz “boyundan yuxarı tullana” bilərmi?
- Məndən sonra kimin baş məşqçi gələcəyini, həmin adamın heyətdə dəyişikliklər edib-etməyəcəyini, onda komandanın hansı vəziyyətdə olacağını bilmirəm. Amma düşünürəm ki, bu komanda yığması mundialda yarımfinala qədər irəliləməlidi. Onlara uğurlar arzulayıram.
(apasport.az)


Digər xəbərlər

Xəbər xətti