Zaur Axundov: "İlk hədəfimiz 1/8 final mərhələsinə vəsiqə qazanmaq olacaq"

11:35 22 Aprel 2016

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun affa.az saytına müsahibəsi.
 


- Azərbaycan millisi dünya çempionatının play-off mərhələsində Hollandiya yığması ilə qarşılaşdı və iki oyunun nəticəsinə əsasən dünya çempionatına vəsiqə qazandı. Tarixində yeni səhifə açan yığmanın çıxışını necə dəyərləndirirsiniz?
- Millimiz Avropa çempionatının final mərhələsində dəfələrlə iştirak etsə də, dünya çempionatında debütümüz Kolumbiyada olacaq. Seçmə mərhələnin oyunları Xorvatiyada keçirildi. Play-off mərhələsində nisbətən zəif rəqiblə qarşılaşmaq üçün qrup mərhələsini birinci pillədə başa vurmağı qarşımıza məqsəd qoymuşduq. Sonda istəyimizə çatdıq. Təbii ki, qazanılan uğur bizi də sevindirir. Azərbaycan millisi ilk dəfə belə mötəbər yarışda iştirak edəcək. İşimizi başa vurmuş saymırıq. Kolumbiyaya müəyyən hədəfləri reallaşdırmaq üçün yollanacağıq. İlk hədəfimiz 1/8 final mərhələsinə vəsiqə qazanmaq olacaq.
 
- Əvvəlki müsahibənizdə dünya çempionatına yollanmağı çox istədiyinizi demişdiniz. Bu istək nədən qaynaqlanır?
- 2008-ci ildən futzal federasiyasına rəhbərlik edirəm. Bu müddətdə yığmamız 4 dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Yığmamız FİFA-nın reytinq cədvəlində 64-cü pillədən 10-cu yerə yüksəlib. Avropada isə 7-ci yerdəyik. Bu uğur tək mənim yox, AFFA rəhbərliyinin də gördüyü işlərin nəticəsidir. Fürsətdən istifadə edib, bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Play-off mərhələsinə bir dəfə də vəsiqə qazanmışdıq. O zaman Bakıdakı oyunda Rusiya millisinə məğlub olduq – 2:3. Tümendəki cavab oyununda isə 2:2 hesabı qeydə alındı və mübarizəni dayandırmalı olduq. Halbuki cavab oyununda qələbə topunu vurmaq üçün şanslarımız oldu. Qismət bu günə imiş. Artıq bu uğurun sevincini unutmalı, dünya çempionatının hazırlığına start verməliyik.
 
- Bu sevinci unutduran məqamlardan biri də baş məşqçi Tino Peresin başa çatmaqda olan müqaviləni uzatmamasıdır. Onun bu qərarına nə dərəcədə hazır idiniz?
- Bir neçə ay əvvəl Pereslə söhbətimiz olmuşdu. Həmin vaxt onun qərarını ictimaiyyətə açıqlaya bilməzdik. Çünki bizi qarşıda Avropa çempionatının final, dünya çempionatının isə play-off mərhələsinin oyunları gözləyirdi. Baş məşqçi ailə məsələlərini əsas gətirib, getmək istədiyini bildirdi. Ona “aprelin 30-na qədər yenidən bu məsələni müzakirə edərik” dedim. Ailə məsələsi gündəmə gətirilirsə, buna heç kim qarışa bilməz. Üç gün əvvəl onunla yenidən görüşdük. Fikrində qəti olduğunu bildirdi. Təbii ki, ona qalmasını yenidən təklif etdim. Çünki Pereslə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq, ən əsası ilk dəfə dünya çempionatına yollanmaq hüququ əldə etdik. Amma mütəxəssis qətiyyətlə dönmək istədiyini dedi.
 
- Bu ayrılıq maddi məsəllələrlə bağlı ola bilərmi?
- Tino Pereslə ilyarımdı birgə işləyirik. Bu günə qədər onunla aramızda maliyyə ilə bağlı söhbət olmayıb. Nə vaxtsa gəlib deməyib ki, maaşımı artırın, qalım. O, millimizdən əvvəl Moskva “Dinamo”sunda çalışıb, uğurlar əldə edib. Təbii ki, maddi qazancı da buradakından çox olub. Amma Peres nə mənimlə, nə də AFFA rəhbərliyi ilə pul barədə söhbət etməyib. Yenə deyirəm, onunla birgə işləməyə hazırıq. Lakin məşqçi qərarında qətidir.
 
- Ola bilərmi, bir aydan sonra onun səsi hansısa əcnəbi klubdan və ya yığmadan gəlsin?
- Heç kimin əvəzindən qərar verə bilmərəm. O, təcrübəli mütəxəssisdir. Onunla dostluq münasibətlərimiz də var. Tino Peresi Azərbaycana mən dəvət etmişəm. Bu günə qədər hansısa məsələdə aramızda narazılıq yaranmayıb. Məşqçi istəyir ki, minimum 2 ay dincəlsin, ailəsinin yanında olsun. Onun səsi hansısa yığmadan və ya klubdan gəlsə, təəccüblənmərəm. Onun gördüyü işlərdən çox razıyıq.
 
- Hadisələrin bu cür axarı millinin çıxışına təsir edə bilərmi?
- Bizim öz strategiyamız var. Son 2 gündə hələ heç kimə təklif göndərməmişik. Amma ünvanımıza millimizdə çalışmaq istəyən məşqçilərdən təkliflər gəlib. Sabiq məşqçimiz Joze Alesio da Silva, eləcə də Kakau bunu mətbuat vasitəsilə açıqlayıb. Təbii ki, müəyyən təsiri ola bilər. Gələk Alesionun məsələsinə. O, bizimlə sağollaşmadan getdi, yaşadığı evi belə təhvil vermədi. Müsahibəsində qeyd edib ki, Zaur Axundovun məni yenidən Azərbaycana dəvət edəcəyinə inanmıram. Ancaq millimizin uğurlu çıxışı naminə onunla yenidən dost ola bilərəm. Əgər yığmamız Kolumbiyada keçiriləcək mundialda yaxşı nəticə qazanacaqsa, hətta Alesionu hava limanında qarşılamağa belə hazıram. Təki ölkəmizin himni çempionatın son oyununda da səsləndirilsin.
 
- Kakaunun Bakıya gəlmək ehtimalı realdırmı?
- O, çox təcrübəli mütəxəssisdir. “Kayrat” onun rəhbərliyi altında UEFA kubokunu qazandı, Qazaxıstan yığması Avropa çempionatının final mərhələsində iştirak etdi, bürünc medala sahib çıxdı, eyni zamanda həmin millini dünya çempionatının final mərhələsinə çıxardı. Onunla söhbətimiz olmayıb, özü bizə təklif göndərib. Əlbəttə, yalnız Kakau variantı üzərində dayanmaq olmaz. Bizim də öz namizədlərimiz var. 10-15 gün ərzində mümkün variantları götür-qoy edəcəyik. Əsas odur ki, yanlışlığa yol verməyək.
 
- Milliyə yenə əcnəbi baş məşqçi rəhbərlik edəcək?
- Bəli. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla da fikir mübadiləsi aparmışıq. Həmin təcrübəli əcnəbi məşqçinin yanında bir gənc yerli mütəxəssis çalışacaq. Onun işi ikinci məşqçi kimi çalışmaq, eyni zamanda təcrübəsini artırmaq olacaq. İstər Alesio, istərsə də Peresin çalışdığı dövrdə digər klubların məşqçilərinə səsləndim ki, gəlin, məşqlərdə iştirak edin, özünüz üçün müəyyən bilgilər əldə edin. Bu müddət ərzində yalnız İlqar Aslanovu, hərdən isə Allahverdi Babayevi millinin məşqlərində görürdüm.
 
- Heyəti gücləndirmək istiqamətində hansı işlər görüləcək?
- Ölkə çempionatı davam etdiyindən, indi konkret addım ata bilmirik. Amma heyəti gücləndirməyə böyük ehtiyac var. İki ildi gəncləri dəvət edirik. İsa Atayev, Ramiz Çovdarov bu gün millinin heyətində yer alırlar. “Neftçi”nin heyətində 2 gənc, perspektivli oyunçu var, onları da yığmaya dəvət edəcəyik. Hər il 2-3 gənc futzalçını komandaya cəlb etsək, 4-5 ildən sonra geniş heyətə malik olacağıq. Əcnəbi oyunçuların cəlb edilməsinə gəldikdə, bu təcrübədən dünyanın əksər ölkələrində istifadə edirlər. 150 milyon əhalisi olan Rusiya millisində kənardan dəvət edilmiş 7, İtaliyada 8 futzalçı var. İspaniya və son qarşılaşdığımız Hollandiyanı da nümunə çəkə bilərəm. 4-5 il əvvəl millimizdə 7-8 braziliya əsilli oyunçu vardı, bu gün onların sayı 5-ə bərabərdir. Bunu bir gün ərzində etməmişik. Bir tərəfdən gəncləri yetişdirir, milliyə dəvət edirik, paralel olaraq, tempi də yüksək saxlamalıyıq. Reytinqdə yerimizi asan qazanmamışıq. Onu itirmək istəmirik. Əksinə, irəliləməyə çalışırıq.
 
- Dünya çempionatı ilə bağlı tələb nə olacaq?
- Məsuliyyətimiz artıb. İndi 4 aylıq hazırlıq planı quraraq AFFA-ya təqdim etməli olduğumuz halda, baş məşqçi axtarışına başlamışıq. Yeni mütəxəssislə anlaşmalıyıq. Hazırlığımızı, demək olar, Bakıda keçirəcəyik.
 
- Avqustda Taylandda keçiriləcək beynəlxaq turnirdə Azərbaycan millisinin iştirak edəcəyi haqda xəbərlər yayılıb. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Bizə belə bir dəvət gəlməyib. Avqustda Taylanda getmək, sonra da dönüb Kolumbiyaya yollanmaq çətin olar. Ona görə həmin turnirə yollanmaq planlarımıza uyğun gəlməyəcək. Amma dünya çempionatından əvvəl yoldaşlıq oyunları keçirəcəyik. AFFA rəhbərliyi komandanın yaxşı hazırlıq keçməsi üçün hər cür şərait yaradacaq. İstərdik ki, mundialda iştirak edəcək yığmalardan bir neçəsi ilə yoxlama oyunu keçirək. Bu, püşkatma mərasimindən sonra bilinəcək. İran, Qazaxıstan, Rusiya, Ukrayna kimi yığmalarla yoxlama oyunu keçirmək pis olmazdı. Bu gün əksər millilər Bakıya gəlməyi çox istəyirlər. Çünki burada yaxşı şərait yaradılıb.


Digər xəbərlər

Xəbər xətti