Azərbaycan I Divizionunun XXIII turunda "Şərurspor"la oyun zamanı komanda yoldaşına qeyri-etik jest edən futbolçu Fərrux Rəhimov "Ağsu" komandasından kənarlaşdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Rüfət Quliyev məlumat verib.
R.Quliyevin sözlərinə görə, bu qərar 2:3 hesabı ilə uduzduqları oyundan dərhal sonra çıxarılıb. Baş məşqçi F.Rəhimovun qeyri-müəyyən müddətədək kənarlaşdırıldığını bildirib. Lakin o, 26 yaşlı müdafiəçinin qeyri-etik jestindən xəbərsiz olduğunu söyləyib. Gənc mütəxəssis bu qərarı F.Rəhimovun peşəkar futbolçu kimi onu qane etməməsi ilə əlaqələndirib: "Matçı cəzalandırıldığım oyun üçün cəriməm ödənilmədiyindən, tribunadan izləyirdim. Ona görə Fərruxun hansı hərəkətə yol verdiyini görə bilmədim. Amma peşəkar futbolçu kimi bizi qane etmədiyi üçün komandadan kənarlaşdırdım".
Qeyd edək ki, xoşagəlməz olay matçın 30-cu dəqiqəsində baş verib. Fərrux Rəhimov qol vuran komanda yoldaşı Elnur Mustafazadəyə qarşı qeyri-etik hərəkətə yol verib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.