Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından önəm daşıyan yarışın ikinci günündə Azərbaycanın iki cüdoçusu tatami üzərinə çıxıb.
73 kq çəkidə Rüstəm Orucovun 1/16 finaldakı rəqibi litvalı Kestutis Vitkauskas olub. Azərbaycanlı idmançı qalib gələrək adını səkkizdəbir yazdırıb. Onun bu dəfəki rəqibi çexiyalı Yakub Yesminekki olub və Orucov bu idmançı üzərində cəmi 22 saniyəyə qələbə qazanaraq dörddəbir finala yüksəlib. Azərbaycan cüdoçusu bu mərhələdə sloveniyalı Rok Draksiçlə üz-üzə gəlib. Orucov bu rəqibini də məğlub edərək yarımfinala çıxıb.
81 kq-da isə Əbdülhəqq Rəsullu 1/16 finalda fransalı Alen Şmittlə görüşüb. İdmançımız qalib gələrək, növbəti mərhələyə yüksəlib. Səkkizdəbir finalda Rəsullunun rəqibi Yoahim Bottyö olub. O, belçikalı rəqibinə məğlub olub.
Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.(Azətac)