Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
Lisenziya xarakterli yarışın üçüncü günündə Azərbaycanın dörd cüdoçusu tatami üzərinə çıxacaq.
90 kiloqram çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi ukraynalı Quedjau Nhabali olacaq.
100 kiloqram çəkidə çıxış edən Elmar Qasımov səkkizdəbir finalda Artem Bloşenko (Ukrayna) - Niyaz Bilalov (Rusiya) cütünün qalibi ilə görüşəcək. Eyni çəkidə Elxan Məmmədov 1/16 finalda rusiyalı Adlan Bisultanovla qarşılaşacaq.
Daha bir təmsilçimiz Uşanqi Kokauri (+100 kq) 1/16 finalda litvalı Marius Paskeviçiusla münasibətlərinə aydınlıq gətirəcək. Cütün qalibi səkkizdəbir finalda israilli Or Sassonla üz-üzə gələcək.
Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb. Turnirin ikinci günündə isə Rüstəm Orucov 73 kq çəkidə qızıl medala sahib çıxıb.