Ramin Musayev: "Mənim üçün kimin çempion olmasının əhəmiyyəti yoxdur"

17:59 26 Aprel 2016

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:


- Növbəti mövsümün sonuna yaxınlaşırıq. Bu mövsümdən razısınız?
- Bütövlükdə, qənaətbəxş saymaq olar. Qarşıda həlledici turlar var. Çempionu, mükafatçıları məhz mövsümün bitimində biləcəyik.

- "Qarabağ"ın belə asan çempionluğu Premyer Liqaya marağı azaltmır ki?
- Xeyr. Siz digər aparıcı ölkələrin çempionatlarına fikir verin. Orada da bəzi klublar ardıcıl bir neçə il çempion olurlar, amma çempionata maraq azalmır. "Qarabağ"dan öncə də "Neftçi" ardıcıl üç il çempion olmuşdu. Bu mövsüm ağdamlılar da ardıcıl üçüncü çempionluğa yaxınlaşırlar. Buna layiqdirlərsə, niyə də olmasın? Əsas komandanın bu çempionluğa layiq olmasıdır. Mənim üçün isə kimin çempion olmasının əhəmiyyəti yoxdur. Mənim üçün ən vacib olan avrokuboklardakı nəticələrdir.

- "İnter"lə "Zirə" avrokuboklara buraxılmayacaq. Turnir cədvəlindəki vəziyyət də elədir ki, Avropa Liqasına üçüncü pillədən aşağıda qərarlaşanlar gedəcəklər. Sizə elə gəlmir ki, bu, qitə arenasında çıxış edəcək klublarımızın oyununa təsir edəcək?
- Bu yaxınlarda "İnter" rəhbərliyi ilə danışdım. Onlar üçün hələ heç nə bitməyib. Gəlin tələsməyək və yekun nəticəni gözləyək. Uşaqlar çalışırlar. Qoy ruhdan düşməsinlər, mövsümün sonunadək oynasınlar. Amma sizin dediyiniz kimi olsa belə, qanun qanundur. Bunu müzakirə etməyə də dəyməz.

- Bu yaxınlarda belə bir xəbər yayıldı ki, divizion klublarından heç biri TPL standartlarına cavab vermir. Belə çıxır ki, bu mövsüm elitanı heç bir klub tərk etməyəcək?
- "Rəvan"la "Xəzər Lənkəran"ın növbəti mövsümdə də elitada qalması məni sevindirərdi. Eyni zamanda istərdim ki, birinci diviziondan da iki klub elitaya yüksəlsin. Elitada nə qədər çox klub olsa, bir o qədər yaxşıdır. Altılıq sistemi özünü doğruldub. Məhz həmin sistemdən sonra klublarımız avrokuboklarda uğurlu çıxış etməyə başlayıblar.

- Bəs divizion klubları elitaya gəlməyə hazırdırmı?
- Mütəmadi olaraq bu klubların rəhbərləri ilə söhbət edirəm. Onları lisenziya almağa səsləyirəm. Necə olacaq, sonda görəcəyik.

- Tezliklə Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək, amma final matçının harada keçiriləcəyi hələ də bilinmir...
- Finalçıların kim olacağını öyrənən kimi, final matçının yerini də dəqiqləşdirəcəyik.

- Adətən, Azərbaycan çempionatının qalibləri mükafatlarına son turun oyunlarından sonra alırlar. Bu mövsüm dəyişiklik olmayacaq?
- Düzünü desəm, heç bu barədə düşünməmişik. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.

- PFL bir neçə il öncə Premyer Liqa və kubokdakı qələbələrə görə bonus verməkdən imtina etdi...
- Bundan sonra da elə olacaq.

- İstisna deyil ki, düşmən işğalı altında olan torpaqlarımızı azad etmək üçün tezliklə müharibə başlasın. Sizcə, futbolçular da cəbhəyə getməlidirlər?
- Buna ehtiyac olarsa, getməlidirlər. Vətəni istisnasız olaraq hər kəs qorumalıdır. PFL rəhbəri olaraq bizim qurumun əməkdaşları da buna hazırdır. Özü də bunu heç bir pafos olmadan deyirəm. Bu, bizim müqəddəs borcumuzdur. Hətta yaşım çox olsa da belə, özüm də hazıram.


Digər xəbərlər

Xəbər xətti