Rövnəq Abdullayev və Azad Rəhimov "Böyük dəbilqə" turnirinin Təşkilat Komitəsinin iclasında - FOTO

16:35 27 Aprel 2016

Mayın 6-dan 8-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. 


Sportarena.az xəbər verir ki, bununla bağlı yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası keçirilib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də iştirak ediblər.

 

İclasda komitə üzvləri turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub.

 

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək bildirib ki, “Böyük dəbilqə” turnirində 86 ölkədən 552 idmançı mübarizə aparacaq. O, görülən işlər haqda məlumat verib və qeyd edib ki, Azərbaycan idman ölkəsi olaraq belə tədbirin keçirilməsində böyük təcrübəyə malikdir. Biz bu təcrübədən istifadə edərək möhtəşəm turniri də yüksək səviyyədə təşkil edəcəyik. Beynəlxalq Cüdo Federasiyasının işçi qrupu da ölkəmizdə olub. Onlar görülən işlərlə tanış olublar, baxış keçiriblər və bəyəniblər. Vitse-prezident sonda onu da vurğulayıb ki, işçi qrupunun razı qalması və müsbət fikri də işlərin istənilən səviyyədə getdiyindən xəbər verir.


Tədbirin sonunda “Böyük dəbilqə”nin keçiriləcəyi günlər ərzində qonaqların qəbulu, yerləşdirilməsi, otel, qidalanma və xüsusilə də təşkilati işlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.


Digər xəbərlər

Xəbər xətti