Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi davam edib.
Sportarena.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid Pərviz Qabilzadə bildirib ki, o, Cavidlə 10 il bundan əvvəl idman məşqlərində tanış olub və yoldaşlıq edib:
"Bu hadisə ilə bağlı mən Cavidin bibisi oğlu Elşən İsmayılovla danışdım. Hadisədən xəbərim olanda Bayılda yaşayan dostumla əlaqə saxladım və dedim ki, dava etməsinlər. Amma Cavidin üzünü heç 10 ildir görmürəm. Bu illər ərzində heç bir telefon danışığı da olmayıb”. O, istintaqa verdiyi ifadəsini də təsdiqləyib.
Şahidlərdən 3 nəfər prosesə gəlməyib. Beləliklə də onların ibtidai istintaqa verdikləri ifadə əsas götürülüb və proses iştirakçılarına elan edilib.
Həmin şahidlərdən Aydın Mahmudov ifadəsində bildirib ki, jurnalist Rasim Əliyev xəstəxanada olanda Cavid ora gedib. Və o, Rasimlə söhbətində bildirib ki, müalicənin bütün pulunu ödəyəcək. Və futbolçunun həkimlə də görüşüb söhbət etdiyini qeyd edib. Lakin Cavid Hüseynov buna etiraz edib:
"Mən ümumi olaraq xəstənin vəziyyətini öyrənmişəm. Heç kimə də pul təklif etməmişəm".
Vəkil Adəm Məmmədov vəsatət qaldırıb. Vəsatətində bildirib ki, "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı xəstəxanada Cavidlə birlikdə olub:
"Buna görə də onun əlavə şahid qismində dindirilməsini istəyirəm. Bundan başqa, Zəfər Şərəfov adlı bir şəxslə də Cavid Hüseynovun Faysbuk-da yazışmaları var. Onu da prosesə dəvət etmək lazımdır".
Hakim vəsatətləri təmin edib. Növbəti proses mayın 4-nə təyin edilib. (Lent.az)