Qurban Qurbanov: "Açığı, risk etmək istəmədim"

18:26 27 Aprel 2016

"4:0 qalib gəlməyimizə baxmayaraq, top itkilərimiz çox oldu. Uzun müddət idi, süni örtüklü meydançada oynamırdıq. Bu, istər-istəməz futbolçulara bir az problem yaşadırdı. Bununla belə, düzgün müdafiə olunmağı bacardıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə 4:0 hesabı ilə qalib gəlmiş "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.


Təcrübəli mütəxəssis bu nəticənin hər şeyi həll etmədiyini vurğulayıb: 

"İlk oyunda 4 qol vurmağımız yaxşı nəticədir. Amma dəfələrlə qeyd etmişəm ki, biz hesabı yox, oyunumuzu daha da yaxşılaşdırmağı düşünməliyik. Bu hesab hələ heç nə demək deyil. Qarşıda bizim çətin çempionat oyunumuz var. Daha sonra kubokun cavab görüşündə lazımi nəticəni əldə etməyə çalışacağıq".


Q.Qurbanov matçdan öncə zədələnən Maksim Medvedev və oyun ərzində zədələnən Muarem Muarem barəsində də fikir bildirib:

"Açığı, risk etmək istəmədim. Ona görə Maksimi matç buraxmadım. Oyundan öncə əzələsində bir az ağrı var idi. Mən əvvəlki açıqlamalarımda da bildirmişdim ki, ola bilər sezon sonunda zədəlilərimiz bir az çoxalsın. bu səbəbdən biz çox diqqətli olmalıyıq. Futbolçulara çox yüklənməməliyik. Amma futbol elə bir oyundur ki, bəzən, düşünmədiyin zamanda bəzi problemlər baş verir. Muaremin zədələnməsinə sırf süni örtüyün səbəb olduğunu düşünmürəm. Amma yenə də ola bilsin ki, bu, müəyyən rol oynayıb futbolçunun zədələnməsi üçün".


Digər xəbərlər

Xəbər xətti